BAKI, 8 fev — Sputnik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində əmək qanunvericiliyinin pozulması, habelə əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması istiqamətində tədbirlərini davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata əsasən, cari ilin yanvar ayı ərzində Xidmətə daxil olan vətəndaş müraciətləri ilə əlaqədar görülən tədbirlər nəticəsində ümumilikdə 41 921 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Həmin məbləğin 98 faizi gecikdirilmiş əmək haqlarından, 2 faizi isə işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan ibarət olub. Əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi barədə ayrı-ayrı müraciətlər də diqqətlə araşdırılıb və nəticələrinə uyğun şəkildə obyektiv tədbirlər görülüb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları görülən işlər çərçivəsində işəgötürənlərə əmək qanunvericiliyinin tələbləri, eləcə də sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi və əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları ilə bağlı işəgötürənlərə hüquqi izahatlar verilib.