BAKI, 1 may — Sputnik. Səbail Rayon Polis İdarəsinin əməkdaşları amansız qətlin törədilməsində şübhəli bilinən 3 nəfəri saxlayıb ki, onlardan da biri Rusiya vətəndaşıdır. Şənbə günündən bazar gününə keçən gecə Bakının mərkəzində, 1971-ci il təvəllüdlü Sandrandinova Yelena Viktorovna öldürülüb. Bu barədə Sputnik Azərbaycan-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.
Sandrandinovanın çoxsaylı xəsarətlər, eləcə də kəllə-beyin travması almış cəsədi Qız qalası yaxınlığında, Neftçilər prospektindəki 91 nömrəli evin yaxınlığında tapılıb. Şübhəli şəxs qismində Rusiya Federasiyanın vətəndaşı Zenyukov Samir Nərimanoviç, əvvəllər həbs olunmuş Razumnı Dmitri Aleksandroviç və tüfeyli həyat tərzi keçirən Alla İbrahimova saxlanılıb.
Şübhəli şəxsləri saxlamaq üçün hüquq mühafizəçiləri çox da zəhmət çəkməyiblər. Qətlə yetirilən şəxsin cəsədini ilk olaraq evin sakinləri tapıblar. Və onlar asayiş keşikçilərinə bildiriblər ki, qətli qonşuluqda yaşayan Zenyukov və onun evində gecə-gündüz içki məclisi təşkil edən dostları törədə bilərlər.
Əməliyyatçılar Zenyukov, Razumnı və İbrahimovanı yatdıqları yerdə tutublar. Mənzildə polislər dəhşətli üfunət, qana boyanmış döşəmə və divarlar, hər tərəfdə zibil və uzaqdan qoxuyan ucuz alkoqollu içki qabları ilə qarşılaşıblar.
Şübhəlilər mənzildə uniformalı şəxslərin niyə peyda olduqlarını başa düşüblər. Lakin baş verənlərə aydınlıq gətirmələri üçün onların ayılmasını gözləməli olublar.
Məlum olub ki, onlar sərxoş ikən Sandrandinovanı ölənə qədər döyüblər, onun qabırğasını qırıblar və küt alətlə dəfələrlə başına vurublar. Sonra qatillər meyitdən canlarını qurtarmaq üçün onu ikinci mərtəbədən tullayıblar. Bunun ardından qətlin iştirakçıları "vurmağı" davam etdiriblər və yatıblar.
Qeyd edək ki, Zenyukovun bədənində də bir neçə xəsarət izləri aşkarlanıb. Görünür, Sandrandinova hücum zamanı müqavimət göstərib. Qadının öldürülməsinin səbəbini isə saxlanılan şəxslər xatırlamırlar. Hazırda Səbail Rayon Prokurorluğunda qətllə bağlı istintaq gedir.