BAKI, 1 may — Sputnik. "Beynəlxalq təcrübədə bankların daşınar əmlakı girov predmeti kimi qəbul edərək kreditlər verməsi kiçik və orta biznesin kreditləşməsinin uzun illər istifadə edilən yollarından biridir". Bunu "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinə münasibət bildirən iqtisadçı-ekspert Zaur Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Onun sözlərinə görə, biznes və yaxud kredit üçün müraciət edən subyektin yalnız daşınan və daşınmayan əmlakının deyil, öhdəliklərinə tarixi münasibətin də əsas götürülməsi halları mövcuddur: "Banklar və kredit təşkilatları üçün girovun predmetinə sahiblənmək yox, istənilən halda verilmiş kreditin və hesablanacaq faizlərin zamanında geri qaytarılması daha önəmlidir. Buna görə də, təkcə daşınan əmlak hesab edilə biləcək əşyalar deyil, eyni zamanda, mal-qaranın, maşın və avadanlıqların, istehsal xəttinin, hesablama texnikasının, anbardakı malların, hətta hər hansı biznes layihəsinin dəyərləndirilməsi aparılır. layihənin öz-özünü ödəmə müddəti kredit təşkilatını qane edərsə, girov kimi qəbul edilir".
"Bu, geniş istifadə olunan kreditləşmə yollarından biridir. Bundan başqa, beynəlxalq təcrübədə hətta qeyri-maddi aktivlərə olan haqların ötürülməsi, alacaqların və tələblərin idarə olunması, kredit üçün müraciət edənin işgüzar nüfuzu da əsas götürülməklə maliyyələşmə həyata keçirilir" — Əhmədov bildirib.
Ekspertin fikrincə, "Daşınar əmlakın yüklülüyü haqqında" qanunun qüvvəyə minməsi ölkədə bank sektorunda canlanmaya səbəb olacaq: "Bu canlanma bankların daha geniş müştəri şəbəkələrini formalaşdıracaq. Eyni zamanda, bankların sərbəst pul vəsaitlərinin daha səmərəli yerləşdirilməsini sürətləndirəcək. Banklar pul vəsaitlərini yalnız daşınmaz əmlakı olan girov sahiblərinə yox, belə girovu olmasa da, çevik biznesi və daşınan əmlakı olan sahibkarlara da təqdim edə biləcək. Bu, həm də banklara daha etibarlı müştərilər arasında seçim imkanları yaradacaq".
Onun sözlərinə görə, indiyədək kreditləşmənin əsasən daşınmaz əmlakın girov qoyulması ilə həyata keçirilməsi banklar üçün də problemlər yaradırdı: "Bu əsasən iki istiqamətdə daha aydın hiss olunurdu. Məsələn, bir sıra sahibkarlıq subyektlərinin əlində çevik pul gətirə bilən ciddi biznes fəaliyyəti olsa da, daşınmaz əmlakın olmaması səbəbindən biznesin boğulması baş verirdi. Bu, əsasən yeni yaranmaqda olan sahibkarlığın qarşısını alır, sahibkarlığa yeni nəfəs gəlməsini ləngidirdi. Kənd təsərrüfatı müəssisələrini isə kredit vəsaitlərindən yararlanmasını mümkünsüz edirdi. Bütün kreditlər yalnız daşınmaz əmlak sahiblərinə verilirdi".
"Hətta bəzi hallarda yalnız paytaxtda olan əmlakın girov kimi qəbul edilməsi regionların sosial-iqtisadi inkişafını, ümumilikdə isə regional sahibkarlığın inkişafını ləngidirdi. Girovun etibarlı olması verilmiş kreditin həmişə zamanında və düzgün məbləğdə geri qayıtması ilə nəticələnmirdi. Əksinə, daha etibarlı girov uğrunda məhkəmə çəkişmələri bankların verdiyi kreditlərin faiz hesablamalarının məhkəmə dövründə dondurulması və s. kimi çətinliklər yaradırdı ki, bu da bankların fəaliyyətinin səmərəliliyini əngəlləyirdi" – deyə Z. Əhmədov vurğulayıb.
İqtisadçının fikrincə, girovun riskli olub-olmamasından çox, biznes layihəsinin risksiz olmasına önəm vermək daha düzgün addımdır: "Girovun qoyulmasının tənzimlənməsinə bankların özlərinin də klassik yanaşması mövcuddur. Yəni, banklar istənilən halda girovun dəyərləndirilməsini və ona nəzarəti öz imkanları çərçivəsində həmişə həyata keçirməyə nail ola bilir. Bundan başqa, bu tipli girovların da dövlət reyestrinin yaradılması və dövlət reyestri vasitəsilə yüklülüyə nəzarət edilməsi risklərin aşağı salınmasına xidmət edəcək".