BAKI, 30 aprel — Sputnik. Bu gün paytaxt Bakıda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında marafon keçirilib. “Bakı Marafonu — 2017”də minlərlə həvəskar və professional idmançı iştirak edib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev və bir sıra məşhur simalar da iştirak edib.
Dövlət Bayrağı Meydanından saat 10:00-da başlayan marafonun qalibi kişilər arasında Türkiyə vətəndaşı Aslan Veyzi olub. O, Bakı Olimpiya Stadionundakı finiş xəttinə hamıdan birinci çatıb. 21 kilometrlik marafon məsafəsində ikinci yeri də, Türkiyədən olan Üzeyir Söyləməz tutub. Rusiya vətəndaşı Vladislav Dimyanov isə üçüncü olub.
Qadınlar arasında da finişə ilk çatan Türkiyə vətəndaşı olub. Yayla Kiriç bütün rəqiblərini arxada qoyub. Marafonda ikinci yeri ukraynalı Valentina Poltovskaya, üçüncü yeri isə İran vətəndaşı Pevsina Arab tutub.
Qeyd edək ki, “Bakı Marafonu-2017”də 1000-dən çox əcnəbi vətəndaş iştirak edib. Ümumilikdə yarışa 13 min nəfər qatılıb.