CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

QHT sektorunda kütləvi narazılıq: layihələrdən imtina oluna bilər

© Sputnik / Murad OrujovKredit mütəxəssisi və müştəri, arxiv şəkli
Kredit mütəxəssisi və müştəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırkı şərtlərdə bu qaydanın tətbiqi QHT-ləri çətin vəziyyətə salmaqdan başqa bir şey deyil"

BAKI, 28 aprel — Sputnik. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının "Nağdsız hesablaşmalar haqqında" qanuna istinad etməklə bütün banklara ünvanlandığı 04 aprel 2017-ci il tarixli 04/15-174 nömrəli məktubun banklar tərəfindən icrası QHT-lərə ciddi problem yaradıb. Bu, eyni zamanda QHT-lərlə əməkdaşlıq edən fiziki şəxs kimi vergi uçotunda olan şəxslərin də fəaliyyətinə mane olur.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda dəyirmi masa - Sputnik Azərbaycan
CƏMİYYƏT
QHT rəhbərləri prezidentə müraciət etdilər

Buna səbəb, sözügedən qanunun 3.4.7-ci maddəsinə istinad edilərək dövlət donor qurumları tərəfindən ayrılmış vəsaitin rəsmiləşdirilməsini nəzərdə tutan qrant müqaviləsinin dövlət satınalma müqaviləsi kimi qiymətləndirilməsi olub. Lakin qrant vəsaitlərinin verilməsi və rəsmiləşdirilməsi dövlət satınalmaları haqqında qanunvericiliyin tələbləri əsasında deyil, qrant haqqında qanunvericiliyin tələbləri əsasında həyata keçirilir.

Halbuki, "Nağdsız hesablaşmalar haqqında" Qanununun 3.3-cü maddəsinə əsasən QHT-lərin təqvim ayı ərzində ümumi məbləği 15 min manatadək olan hesablaşmalar üzrə ödənişlərin nağd qaydada həyata keçirmək hüququ var. Amma QHT-lər Palatanın göstərişi ilə nəinki 15 min, heç 1 manatı belə nağdlaşdıra bilmirlər. Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə QHT rəhbərlərinin münasibətini öyrənib.

"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva Sputnik Azərbaycan-a bildirib ki, problem nağdsız hesablaşmada deyil, ölkəmizdə bununla bağlı müvafiq sistemin formalaşmamasındadır: "Əlbəttə, inkişaf etmiş ölkələrdə bu praktika geniş yayılıb. Nağdsız hesablaşma sistemi o qədər rahat və əlverişlidir ki, insanlar əskinaslarla deyil, bank hesablaşması yolu ilə hesabı ödəməyə maraq göstərirlər. Hətta bunun üçün mobil bank sistemindən istifadə edirlər. Bizdə isə bu sistem yarımçıq, mükəmməllikdən kənar olduğundan, nağdsız hesablaşma insanlara ciddi problem yaradır"

QHT sədri bununla bağlı misallar da gətirib: "QHT-lər layihələrində xidmət haqqı (təlim, ekspert, PR və s.) olaraq kiçik məbləğlər ödəyirlər. Bizdə bu xidmətləri göstərən konkret hüquqi şəxslər və ya daimi olaraq, peşəkarcasına bu işlə məşğul olan fiziki şəxslər çox azdır. Onların çoxu VÖEN hesabı ilə işləmir və belə kiçik məbləğlərə (20-50-70 AZN) görə bank hesabı açdırmaq onlara sərf eləmir. Yaxud bölgələrdə layihələrin icrası zamanı tələb olunan xərcləri nağdsız qaydada ödəmək üçün heç bir infrastruktur mövcud deyil. Ölkədəki əksər bankların hətta öz filialları arasında hesab əməliyyatlarını həyata keçirmək üçün müvafiq sistem formalaşmayıb".

"Təsəvvür edin ki, QHT-lər Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından kiçik məbləğlərdə qrant alırlar. Bu qrantlar konkret layihələrin icrası üçün nəzərdə tutulur. QHT bilmir ki, bu kiçik vəsaitlə layihəni icra etsin, yoxsa bürokratiyanın yaratdığı problemlərlə, vergi, DSMF, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, bank sistemi və s.-lə bağlı işlərlə məşğul olsun. Onsuz da günü-gündən çətinləşdirilən qaydalara nağdsız hesablaşmanın da əlavə edilməsi QHT-ləri ölkə üçün zəruri olan layihələrin icrasından çəkindirir" — Abdullayeva bildirib.

Fərasət Qurbanov - Sputnik Azərbaycan
İcraçı direktor: “Dövlət QHT-lərin güclənməsini istəyir”

"Hökumət nəzərə almalıdır ki, QHT-lər kommersiya fəaliyyəti ilə məşğul deyillər, pul, gəlir əldə etmirlər, sadəcə layihələrin icrası üçün donorlardan dəstək alırlar. Bu gedişlə, ölkədəki QHT-lərin əksəriyyəti çökəcək. Nağdsız hesablaşma sistemini tətbiq etməzdən əvvəl sistemi formalaşdırmaq lazım idi. Sonra isə elan etmək olardı ki, məsələn, 2018-ci ilin yanvarından bu sistemə keçiləcək, hazırlaşın! Amma hazırkı şərtlərdə bu qaydanın tətbiqi QHT-ləri çətin vəziyyətə salmaqdan başqa bir şey deyil" – QHT sədri əlavə edib.

"Güzəran" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Qadir İbrahimli qeyd edib ki, Azərbaycanda olan QHT-lərin büdcəsi heç də böyük məbləğdə deyil: "Söhbət 5-10 minlik büdcələrdən gedir. Həmin büdcədə olan layihələri nağd pul olmadan həyata keçirmək mümkün deyil. Məsələn, yerli əhali arasında sorğu keçirmək üçün kimisə rayona ezam edirsən. Bu zaman həmin adamın orada qalma və qidalanma xərclərini ödəməliyik. Bunu necə edə bilərik? Regionlarda bank vasitəsilə ödəmə etmək üçün şərait yaradılmayıb. Ümumiyyətlə bir çox xərclər var ki, onları bank üzərindən etmək mümkün deyil. Bunları nəzərə almaq lazımdır".

"Axı burada kiçik layihələrdən söhbət gedir və onları nağd pul olmadan həll etmək mümkün deyil. Eyni zamanda, bank vasitəsilə həll etmək əlavə xərclərə gətirib çıxarır. Bütün bunlar QHT sektoruna yaxşı heç nə vəd etmir. Bir sıra QHT rəhbərləri ilə birlikdə mən də QHT rəhbəri olaraq prezident İlham Əliyevə müraciət etmişəm. Güman edirəm ki, prezident bu amili nəzərə alacaq. Çünki bizdə bir çox qanunlar hazırlanarkən detallı əsaslandırılmır. Yəni, müəyyən açıq müzakirələr olmur ki, orda əsaslandırılmış qanun ortaya çıxarılsın. Amma mən optimistəm və prezidentin müdaxiləsi ilə bu məsələnin həlli yolunun tapılacağına inanıram" — deyə Q. İbrahimli qeyd edib.

"Bələdiyyələrin İnkişafına Yardım" İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı söyləyib ki, QHT sektorunda nağdlaşmaya qoyulan qadağa faktiki olaraq QHT-lərin fəaliyyətinin dayanması deməkdir: "Layihələrin icra olunması üçün QHT-lərə vəsait ayrılır. Ancaq Maliyyə Bazarlarına Nəzarət Palatasının həmin vəsaitin nağdlaşmasına qoyduğu qadağa səbəbindən layihəni icra etmək mümkün deyil. Bu səbəbdən QHT rəhbərləri olaraq cənab prezidentə müraciət edərək, Rüfət Aslanlının qoyduğu qadağanın aradan qaldırılmasına köməklik göstərməsini xahiş etdik".

"Əgər bu qadağa aradan qaldırılmasa, heç bir QHT layihəsi icra olunmayacaq. Çünki icra mümkün deyil. Absurddur ki, dövlət sənin layihəni dəstəkləsin, ona vəsait ayırsın, ancaq Rüfət Aslanlının başçılıq etdiyi palata bunun icrasına mane olsun. Artıq QHT rəhbərləri layihələrin geri qaytarılması məsələsini gündəmə gətiriblər" — Orduxanlı əlavə edib.

Xəbər lenti
0