BAKI, 28 aprel — Sputnik. Yunanıstanın Afina şəhərində taekvando idman növü üzrə təşkil edilən "DTF Prezident Kuboku" beynəlxalq yarışının ilk günü milli yığmamız üçün uğurlu olub. Federasiyanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 27 aprel tarixində başlanan turnirdə —57 kq çəki dərəcəsində mübarizəyə qatılan qadın taekvondoçumuz Yaprak Eriş qarşılaşdığı rəqibləri Asimina Tzortzi (YUN), Laurygan Celin (FRA), Raheleh Asemani (BEL) və Patrisiya Adamkieviczi (POL) yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Finala vəsiqə uğrunda döyüşdə Rusiyalı Yekaterina Kim ilə qarşılaşan təmsilçimiz məğlubiyyətlə üzləşərək turniri bürünc medalla başa vurub.
Qeyd edək ki, sayca ikinci olan G2 kateqoriyalı yarışda yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız 35 idmançı ilə təmsil olunur və bu turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olacaqlar. Yarışa 30 aprel tarixində yekun vurulacaq.