BAKI, 24 aprel — Sputnik. Son illər texnologiyanın inkişaf etməsi, bəzi insanlara şantajla məşğul olmaq üçün daha əlverişli imkanlar yaradıb. Bəzi insanlar istər real münasibət zamanı çəkilmiş, istərsə də sosial şəbəkədə yaranmış ünsiyyət zamanı onlara göndərilən şəkillərdən şantaj məqsədi ilə istifadə edirlər. Şantajı qazanc mənbəyinə çevirən bu şəxslər şəkilləri yayacaqları ilə hədələyərək, xanımlardan pul tələb edirlər.
Bəs hər hansı bir insanı intim şəkillərini (və digər özəl məlumatlarını) yayacağı ilə şantaj edən şəxsi hansı cəza gözləyir və şantajla üzləşən tərəf hansı tədbirlər görməlidir? Hüquqşünas Asif Abdullayevin sözlərinə görə, konstitusiyanın 32-ci maddəsinin 3-cü hissəsinə əsasən, öz razılığı olmadan kiminsə şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.
"Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Qanunvericiliyə əsasən, şantaj edərək pul tələb etmə cinayət məsuliyyətinə səbəb olur. Həmçinin, şəxsə və ya onun yaxınlarına qarşı fiziki zor tətbiq etmək, əmlakı məhv etmək hədəsi ilə pul tələb etmək də cinayət məsuliyyətinə səbəb olur" — hüquqşünas bildirib.
A. Abdullayev qeyd edir ki, Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən, intim şəkillərin və sair rüsvayedici məlumatların yayılacağı ilə şantaj edərək pul tələb edən şəxsi 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir: "Bu hərəkətlər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya zor tətbiq etməklə törədildikdə və ya təkrar törədildikdə və ya xeyli miqdarda (3-10 min manat civarında) pul tələb etməklə törədildikdə, təqsirkar şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Şantaj və ya fiziki zor tətbiq etməklə külli miqdarda (10 mindən yuxarı məbləğ) pul tələb edildikdə və bir sıra digər hallarda təqsirli şəxsləri 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir".
Göründüyü kimi, qanunvericilikdə şantaja görə çox ciddi cəzalar nəzərdə tutulub. Buna baxmayaraq, şantajın qurbanı olan bəzi şəxslər məsələnin böyüyəcəyindən, daha çox insanın məsələdən xəbərdar olacağından ehtiyat edərək, onları şantaj edən şəxslər barədə polisə məlumat vermirlər. Bu insanlar şantaj edən şəxsin qurbanına çevrilirlər və daimi olaraq təhdid altında yaşamağa məcbur olurlar. Amma təcrübə göstərir ki, əksər hallarda şantaj qurbanı olan şəxslər sonda məcbur qalaraq polisə müraciət edirlər.
Hüquqşünas vurğulayır ki, qurbana çevrilməmək üçün şantajla bağlı vaxtında polisə müraciət etmək lazımdır: "Eyni zamanda, şantaj edən şəxsə qarşı sübutlar da toplamaq yaxşı olardı. Misal üçün, şantaj edən şəxslə SMS-lə yazışmaq olar. Gələcəkdə polis bu işi araşdırarkən, mobil operatordan bütün SMS-lərin məzmunu barədə məlumatı əldə edə bilər və bu məlumatlar şantaj faktını sübut edəcək".
"Məlumat üçün qeyd edim ki, SMS-lə yazışmaların məzmunu saxlanılır və istintaq zərurəti yarandığı halda qanunla nəzərdə tutulmuş qaydada onları əldə etmək mümkün olur. SMS yazışmaları ilə yanaşı, şantaj edilməyinizin şahidi olmuş şəxsin ifadəsi və sübut kimi çıxış edə biləcək digər hallar da cinayət əməlinin sübuta yetirilməsində yardımçı ola bilər" — o, əlavə edib.
A. Abdullayevin sözlərinə görə, əksər cinayətlərdən fərqli olaraq, şantajla pul tələb etməyə görə cinayət məsuliyyəti 14 yaşdan yaranır: "Yəni, 14 yaşına çatmış şəxs, şantaja görə cinayət məsuliyyətinə cəlb edilə bilər".
Şantajla bağlı məsələlərdə, zəruri hüquqi addımlar atmaqla yanaşı, psixoloji cəhətdən də dözümlülük nümayiş etdirmək lazımdır. Təcrübə göstərir ki, bəzi şəxslər şantajla məşğul olurlar, lakin əllərində olan rüsvayedici məlumatları yayacaq qədər cəsarətli olmurlar.
Buna bir çox amillər səbəb ola bilər. Məsələn, cinayət məsuliyyətindən, məsələnin ictimailəşəcəyindən və onların özünə də zərbə vuracağından qorxurlar, sadəcə şantaj görüntüsü yaradaraq asan yolla pul əldə etməyə çalışırlar və sair. Belə şəxslər öz qurbanlarını qorxudurlar, amma şantaj etdiyi şəxsdən imtina cavabı aldıqdan sonra bu əməldən əl çəkirlər.
Buna görə də, şantaj edən şəxslər qarşısında mümkün qədər acizlik göstərməmək lazımdır. Hər bir halda, şantajla rastlaşan şəxsə psixoloji cəhətdən möhkəm olmaq və şantajla rastlaşdığı təqdirdə hüquqi tədbirlər görülməsi üçün vəkilə müraciət etmək məsləhət görülür.