BAKI, 26 yan-Sputnik. AR Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları apardıqları operativ əməliyyat-axtarış tədbirləri nəticəsində şantaj və reketlə məşğul olan qrupu zərərsizləşdiriblər.
Bu barədə DİN-in rəsmi saytında məlumat yer alıb. Saxlanılan şəxslər Bakı şəhər sakinləri – Ceyhun Həmidov, Adil Maqsudov, Comərd Həmzəyev, Bəxtiyar Ağayev və onun qardaşı Tural Ağayevdir. Onlar şantaj yolu ilə pul almaqda günahlandırılırlar.
Saxlanılan şəxslərlə bağlı bu gün iki epizod üzrə cinayət işi qaldırılıb. Gənclər qızlar və gənc qadınlarla tanış olaraq onlarla yaxınlıq edir, sonra isə onları şantaj etməklə məşğul olurlarmış. Onlar qadınları hədələyiblər ki, erotik şəkillərini sosial şəbəkələrdə yayacaqlar. Əgər qurbanlar onlara külli miqdarda pul versələr, bu xoşagəlməz halın qarşısını ala bilərlər.
Məlumata görə, şübhəli şəxslər bu yolla qurbanların hər birindən min manat alıblar. Qadınlar isə onlardan tələb olunan məbləğin on dəfə artmasını gözləmədən polisə müraciət ediblər.
Sputnik Azərbaycan daha əvvəl sosial şəbəkələrdəki romantik tanışlıqların həm ölkə vətəndaşları, həm də polislər üçün başağrısına çevrildiyini yazmışdı. Daxili işlər orqanlarına sosial şəbəkələrdə tanışlıq və şantajla bağlı çox sayda şikayətlər gəlməkdə davam edir.