BAKI, 27 aprel — Sputnik. Bu gün səhər saatlarında Sputnik Azərbaycan-ın əməkdaşı, Bakı-Sumqayıt yolunun Abşeron Gənclər Şəhərciyinin qarşısından keçən hissəsində qəribə hadisənin şahidi olub. Belə ki, yolun Sumqayıtdan Bakıya gələn istiqamətində, şəhərciyin qarşısındakı yerüstü piyada keçidinin yaxınlığında asfaltda əraziyə yayılmış qan ləkələri olub. Həmin ləkələrin görüntüsü, gecə saatlarında asfalta qan töküldüyü və sonradan təmizləndiyi ehtimalını yaradıb.
Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev, ötən gecədən bu yana sözügedən ərazidə hansısa qəzanın baş vermədiyini bildirib. "Ötən gün ərzində Abşeron rayonu ərazisində hər hansı bir qəzanın baş verməsi, ölüm və yaralanma halı ilə bağlı informasiya daxil olmayıb".
"Heç ondan bir gün öncə də heç bir hadisə baş verməyib. Həmin ərazidə yol qəzasının baş verməsi barədə bizə hər hansı bir məlumat daxil olmayıb. Ola bilsin, ərazidə başqa hadisə baş verib" — K. Əliyev qeyd edib.
Müraciət etdiyimiz Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev də son günlər ərzində həmin ərazidə hər hansı cinayət hadisəsinin baş vermədiyini deyib.
Təki, hər hansı arzuolunmaz hadisə baş verməmiş olsun…