BAKI, 26 aprel — Sputnik. Xarici İşlər Nazirliyində Azərbaycan və Fransa arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib.
XİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Fransanı isə xarici işlər və beynəlxalq inkişaf nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjən təmsil edib.
X. Xələfov Azərbaycanla Fransa arasında siyasi münasibətlərin səviyyəsinin məmnunluq doğurduğunu bildirərək, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. İki ölkə prezidentinin qarşılıqlı səfərlərini və tərəflər arasında mövcud olan siyasi dialoqu yüksək qiymətləndirən nazir müavini əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu dilə gətirib.
X. Xələfov ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib və Fransa şirkətlərini Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar layihələrdə daha fəal iştiraka dəvət edib. O, iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişaf etdiyini, turizm sahəsində irəliləyişə nail olunduğunu diqqətə çatdırıb.
F. Manjən isə bildirib ki, Azərbaycan-Fransa münasibətləri çox yüksək səviyyədədir və dövlət başçılarının səfərləri ikitərəfli əməkdaşlığa mühüm töhfələr verir. O əlavə edib ki, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi beynəlxalq və regional məsələləri birgə müzakirə etməyə imkan yaradır.
X. Xələfov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın rolu böyükdür: "Fransanın da marağında olduğu regional inkişafa bu gün ən böyük maneə Azərbaycanın 20 faiz torpaqlarının işğalı ilə nəticələnən bu münaqişədir".
Münaqişənin həllini Fransa üçün prioritet adlandıran F. Manjən bildirib ki, bu məsələ rəsmi Parisin gündəliyindədir və Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi öhdəliklərinə sadiqdir. O əlavə edib ki, onun ölkəsi münaqişə tərəfləri arasında danışıqların bərpasına töhfə verməyə hazırdır və bununla əlaqədar sammitin keçirilməsini təklif edib.