BAKI, 24 aprel — Sputnik. Kartinq üzrə Asturiya çempionatının (Asturiya İspaniyada əyalətdir — red.) şənbə yarışında 11 yaşlı Qonzalo Basurto, qəza zamanı aldığı zədələrdən dünyasını dəyişib. Sputnik Azərbaycan F-1.az-a istinadən xəbər verir ki, Fernando Alonsoya məxsus olan trasda baş tutan yarışda 11 yaşlı Basurtonun kartı qəza zamanı aşıb və bu zaman gənc sürücü ağır xəsarətlər alaraq təcili vəziyyətdə Asturiyanın mərkəzi olan Ovyedoda hospitala çatdırılıb.
İspaniya Avtomobil Federasiyası, Basurtonun bir gün ərzində komada olduğunu və sonda dünyasını dəyişdiyini bildirib: "Qonzalo Basurtonun vəfatı barədə xəbəri təsdiq edirik. İspaniya avtoidmanı onu itirdiyinə görə kədərlidir. Torpağın yüngül olsun, Qonzalo…"
Qeyd edək ki, Fernando Alonso hazırda İndy500 yarışına hazırlıq çərçivəsində Amerikadadır və bu xəbəri orada alıb. İkiqat dünya çempionu xəbərdən üzüldüyünü sosial şəbəkədə paylaşıb: "Bu gün səhər yuxudan duranda ən kədərli günümü yaşadım. Üzgünəm. Qonzalonun ailəsinə və bütün kartinq aləminə başsağlığı verirəm".
Yarış iştirakçılardan olan Karlos Sayns da baş verən hadisədən kədərləndiyini dilə gətirib: "Torpağın yüngül olsun, Qonzalo Barusto. Təəssüf ki, avtoidman daim bizə risklə bağlı olduğunu xatırladır. Ailəsinə başsağlığı verirəm".