BAKI, 22 aprel — Sputnik. Polşanın paytaxtı Varşavadakı Avropa çempionatının üçüncü yarış günündə Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu dəfə ağır çəki dərəcələrindəki təmsilçilərimiz yarışıblar.
Onlardan Uşangi Kokauri (+100 kq) 1/8 finalda keçirdiyi ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb, Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) isə yarımfinala yüksəlib. Qasımovla Məmmədov finala vəsiqə uğrunda görüşdə üz-üzə gəliblər. Bu dəfə daha təcrübəli olan dünya çempionu ipponla qalib gələrək, finala yüksəlib. Mehdiyevlə Qasımov isə həm yarımfinalda, həm də təsəlliverici görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər.
Məmmədov isə həlledici görüşdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, fransalı Siril Mareyə qızıl xalda ipponla qalib gəlib. Bununla da Azərbaycan təmsilçisi 2013-cü ildə əldə etdiyi dünya çempionluğundan sonra Avropa çempionu tituluna da yiyələnib. Bu, Avropa çempionatında 5-ci medal və ikinci "qızıl" olub.