BAKI, 20 aprel — Sputnik. Son vaxtlar əhalinin su sayğaclarının oğurlanması adi hala çevrilib. Əvvəllər sayğacları kimin və hansı səbəb oğurladığı müəmma olsa da, sonradan sirr çözüldü. Məlum oldu ki, sayğaclar, içindəki latunun əlvan metal qəbulu məntəqələrinə satılması üçün ayrı-ayrı şəxslər və hətta dəstələr tərəfindən oğurlanır. Bu isə həm dövlətə, həm də sakinlərə ziyan vurur.
Sakinlər, "Azərsu" əməkdaşları tərəfindən yeni sayğac qoyulana qədər susuz qalır, əvvəlki sayğaca vurduqları məbləğ itir. Dövlət isə əlavə xərc çəkərək sakinlərə yeni sayğac qoymalı olur. Bu zaman əvvəlki sayğacdakı məbləğlə bağlı sakinlər və "Azərsu" arasında mübahisə də yaşanır.
Artıq iş o yerə çatıb ki, sakinlər xüsusi dəmir qutular düzəltdirir, sayğacı həmin qutularda gizlədir, ağzına isə qıfıl asırlar. Sakinlər sayğaclarının oğurlanacağından və bir neçə saat, hətta bir neçə gün susuz qala biləcəklərindən narahatdırlar.
"Azərsu" ASC-nin mətbaut xidmətinin rəhbəri Anar Cəbrayıllı da Sputnik Azərbaycan-a açıqlamasında su sayğaclarının oğurlanması hallarının olduğunu təsdiq edib: "Oğurluq hallarına Sumqayıt şəhərində, eyni zamanda Abşeron, Bakı şəhərinin Nəsimi, Sabunçu, Xətai və Nizami rayonlarında daha çox rast gəlinir. Biz "Azərsu" Açıq Səhmdar Cəmiyyəti olaraq bu hadisələrlə bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət etdik. DİN-in keçirdiyi əməliyyatlar nəticəsində, təxminən 3-4 dəstə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olundu. Hətta metal qəbul etmə məntəqələrindən də bir nəfər istintaqa cəlb edildi. Çünki həmin şəxs bu metalların oğurluq olduğunu bilsə də, yenə də oğrulardan həmin metalları qəbul edirmiş".
"Biz hazırda metal qəbul məntəqələri ilə də danışıqlar aparırıq. Oğrular 10-15 manatlıq latuna görə, qiyməti 100 manat dəyərində olan, dövlətə məxsus su sayğaclarını çıxarıb satırlar. Biz metal qəbul edənlərə bunun məsuliyyətini başa salırıq" — deyə A.Cəbrayıllı əlavə edib.
Mətbuat xidmətinin rəhbəri vətəndaşların su sayğaclarını xüsusi qutuya salaraq qıfıllamasına da münasibət bildirirb: "Sayğacın qutusu açıq olanda, oğurluq halları daha çox baş verir. Vətəndaşların belə hallardan narahat olması və sayğaclarını qıfıllaması gözəl təşəbbüsdür. Bəlkə bunun vasitəsi ilə oğurluqların qarşısı alınar. Biz vətəndaşların bu hərəkətini tədqirəlaiq sayırıq və dəstəkləyirik".
A. Cəbrayıllı onu da bildirib ki, qanuna əsasən, binalarda olan sayğaclar oğurlanarsa, sakinlər dövlət tərəfindən yeni sayğaclarla təmin olunur: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 6.4-cü bəndinə görə, yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına su təchizatı və kanalizasiya müəssisəsi, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Yəni, həyət evlərində sayğac oğurlanarsa, bu zaman vətəndaş özü pulunu ödəyir".
DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, su sayğaclarının oğurlanması kütləvi hal almayıb: "Amma ara-sıra belə oğurluq halları baş verir. Bu zaman bizə müraciət olunur. Bu günə kimi tərəfimizdən bir neçə cinayətkar dəstə saxlanaraq, məsuliyyə cəlb olunub. Belə cinayət hadisəsi həm Bakı şəhərində, həm də ölkənin bir neçə regionunda baş verib".