BAKI, 21 dek — Sputnik. Evlərdə birləşdirilən elektrik sayğacları standartlara tamamilə cavab verir və onların istifadəyə yararsız olmaları səbəbindən yanmaları istisnadır. Bunu Sputnik-ə "Azərişıq" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev, ötən həftə Binəqədi rayonundakı yaşayış evlərindən birində baş vermiş yanğını şərh edərkən deyib.
Qeyd edək ki, ötən istirahət günlərində yüklənmə səbəbindən doqquzmərtəbəli yaşayış binasında 8 elektrik sayğacında yanğın baş verib. Bununla əlaqədar olaraq, FHN-in yanğınsöndürmə xidmətinin əməkdaşları 15 nəfəri evakuasiya ediblər. İnsident nəticəsində zərərçəkən olmayıb. Mənzillər alovdan mühafizə edilib və yanğın söndürülüb.
Binəqədi rayon Polis İdarəsindən Sputnik-ə bildiriblər ki, yanğın Azadlıq prospektində yerləşən 161 saylı evdəki sayğaclardan birində yaranmış qısa qapanma nəticəsində baş verib. Yanğın saat 11:30-da qeydə alınıb.
Bununla belə, "Azərişıq" ASC-nin nümayəndəsi bildirib ki, yeni sayğaclar yüksək gərginliyə davamlıdır: "Amma bu o demək deyil ki, sakinlər onları yükləməli, eyni vaxtda bütün qızdırıcı cihazları və məişət əşyalarını işə salmalıdırlar".
Mustafayevin sözlərinə görə, hələ ki, sözügedən yanğınla bağlı "Azərişıq"a məlumat daxil olmayıb: "Yanğının hansı səbəbdən baş verdiyini demək çətindir. Bunun üçün araşdırma aparmaq lazımdır. Amma bizim sayğaclar bütün tələblərə tamamilə cavab verir".
Mustafayev, həmçinin əlavə edib ki, əgər yanğın mənzil tikintisi kombinatı tərəfindən tikilmiş binada baş veribsə, "Azərişıq" vəziyyətin araşdırılması məsələsinə müdaxilə edə bilməz. Çünki bu evlərdəki elektrik sayğaclarının quraşdırılmasına "Azərişıq" cavabdeh deyil.