BAKI, 20 aprel — Sputnik. Aprelin 16-da Türkiyə konstitusiyasına dəyişikliklərə dair keçirilən referendumda, möhürsüz səslərin etibarlı sayılmasına etiraz edən yüzlərlə insan İstanbulda aksiya keçirib. Dünən gecə təşkil edilən aksiya icazəsiz olduğu üçün polis aksiyaya müdaxilə edib. İstanbuldan başqa İzmir şəhərində də lokal səviyyədə nümayişlər keçiriliib.
Bu gün səhər saatlarında isə polisin terrorla mübarizə qrupları bir neçə evə basqın edərək, 16 nəfəri həbs edib. Polisin verdiyi məlumatda qeyd olunur ki, həbs edilən şəxslər uzun zamandır polisin gizli nəzarətindədir və onlar ölkədə stabilliyin pozulmasında, təxribatçı proseslərdə yaxından iştirak ediblər.
Həbs olunanların haqlarını müdafiə etmək üçün polis bölməsinə gələn ana müxalifət partiyasından (CHP) olan millət vəkilləri Ali Şeker, Onursal Adıgüzel və Selina Doğan, nümayişçilərin həbs edilməsinin qanunsuz olduğunu bildiriblər.
"Polis bizə deyir ki, referendumdan "hə" cavabı çıxmasına baxmayaraq, onlar qanunu pozaraq buna qarşı çıxıblar. Ona görə də həbs olunublar. İndi biz sual veririk ki, nəyəsə etiraz etmək cinayət törətməkdirmi? Bunun tərifini nə ilə izah edə bilərsiniz?" — CHP-li deputatlar narazılıqlarını ifadə ediblər.
Qeyd edək ki, PKK ilə mübarizə çərçivəsində Türkiyədə fövqəladə vəziyyəti rejimi davam etdiyi üçün kütləvi aksiyaların keçirilməsinə icazə verilmir.