"Referendumun nəticəsi Türkiyə iqtidarını siyasətini dəyişməyə məcbur edəcək"

© Photo : Getty İmagesTürkiyədə referendum
Türkiyədə referendum - Sputnik Azərbaycan
Abunə olmaq
İbrahim Nəbioğlu: "Bu nəticə gözlənilən deyildi. Nə "xeyr" cəbhəsi üçün, nə də ki "hə" deyənlər üçün".

BAKI, 17 apr — Sputnik. "Təəssüflər olsun ki, Azərbaycan mediasında yazırlar ki, Türkiyənin axırıdır, hər şey bitdi və s. Çox qeyri-obyektiv, şişirdilmiş yazılardır. Unutmaq olmaz ki, Türkiyə köklü dövlətdir".

Bu sözləri Sputnik Azərbaycan-a Türkiyədəki Konstitusiya dəyişiklikləri ilə bağlı referendumu şərh edən Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu İbrahim Nəbioğlu deyib.

Sabiq konsul referendumun nəticələrinin gözlənilən kimi olmadığını bildirib: "Bu nəticə nə "xeyr" cəbhəsi üçün, nə də ki "hə" deyənlər üçün gözlənilən deyildi. Çünki iqtidar tərəfdarları hardasa 60%-lik qələbə gözləyirdilər. Düzdür, aralarında daha obyektiv olanları deyirdi ki, 55-56% səs ancaq yığmaq olar. "Yox" deyənlər cəbhəsinə gəlincə, onlar hesab edirdi ki, 51-52% səslə referendumun qəbuluna əngəl olacaqlar. Qısası, iki tərəf üçün də gözlənilməz oldu". 

© Photo : Kulis.azİbrahim Nəbioğlu
İbrahim Nəbioğlu - Sputnik Azərbaycan
İbrahim Nəbioğlu

İbrahim Nəbioğluna görə, bu nəticə Türkiyədə indiki vəziyyət, status-kvo üçün ən optimal variantdır: "Çünki referenduma çıxarılan konstitusiya dəyişiklikləri 60% səslə qəbul olunsaydı, o zaman iqtidarın əlinə xeyli imkan düşər və külli-ixtiyar sahibi olardı. Zatən, hazırkı iqtidar külli-ixtiyar sahibidir. Ancaq bu nəticə, iqtidarı bir az daha ehtiyatla, bir az daha qarşı tərəfi düşünərək, onların nəbzini tutaraq siyasət yürütməyə vadar edəcək. "Xeyr" cəbhəsi üçün referendum nəticələrinin vacib məqamı ondan ibarətdir ki, ilk dəfə olaraq müxalifət, iqtidar üzərində zəfər qazana biləcəyini hiss elədi. Ən azı bu hissi daddı. Çünki səs faizləri bir-birinə olduqca yaxın idi. Əks cəbhə anladı ki, AK Partiya yenilməz deyil, seçki ilə qalib gəlmək mümkündür. Sadəcə olaraq yaxşı hazırlaşmaq və düzgün məsələləri gündəmə gətirmək lazımdır. Düşünürəm ki, müxaliflər 2019-cu il prezident və parlament seçkilərinə daha ciddi hazırlaşacaq".

Sabiq baş konsul, referendum öncəsi prezident Ərdoğan və hakim partiya təmsilçilərinin tez-tez dilə gətirdikləri maraqlı bir mövzuya da diqqət çəkib.

"Referendum öncəsi kampaniya müddətində, iqtidarın əlindəki ən böyük üstünlük nə idi? Hər mitinqdə dilə gətirirdilər ki, "xeyr" cəbhəsi PKK-çılardır və terrora xidmət edir. Ancaq indi, həbsdəki Abdullah Öcalanın qardaşı Osman Öcalan deyir ki, referendumda "hə" səsi verib. Üstəlik, kürd seçicilərin yarıdan çoxu da dəyişikliklərin qəbuluna səs verib. Yəni, burada o qədər müəmma var ki, anlamaq mümkün deyil" — İbrahim Nəbioğlu qeyd edib. 

Türkiyədə referendum - Sputnik Azərbaycan
Beynəlxalq təşkilatlar Türkiyədə keçirilən referenduma mənfi rəy verdi

Konsul, Azərbaycan xəbər saytlarında referendumla bağlı yazılan pessimist fikirlərə də münasibət bildirib: "Təəssüflər olsun ki, Azərbaycan mediasında yazırlar ki, Türkiyənin axırıdır, hər şey bitdi və s. Çox qeyri-obyektiv, şişirdilmiş yazılardır. Unutmaq olmaz ki, Türkiyə köklü dövlətdir. Qarşıdan 2019-cu il seçkiləri gəlir. Qərara əsasən, prezident və parlament seçkiləri eyni vaxtda keçiriləcək. Əgər qarşı tərəf, vahid və güclü namizəd irəli sürsə, seçkidə qalib gəlmə şansı var. Yəni, nə olacağı məlum deyil. İqtidara kimin gələcəyini indidən söyləmək çətindir".

İbrahim Nəbioğlu, referendum sonrası Avropa İttifaqı-Türkiyə münasibətlərinin nə cür ola biləcəyi ilə bağlı proqnozlarını açıqlayıb:

"Əgər referendum yüksəs səs faizi ilə, məsələn — 55, 56, ya da 57%-lə qəbul olunsaydı, Avropa səsini çıxarmayacaqdı. Türkiyə ilə masaya əyləşib, donmuş müzakirələri ölü nöqtədən tərpədəcəkdi. Ancaq son nəticədə səslər, bir-birinə çox yaxın oldu. Avropadan gələn ilk reaksiyalara baxan zaman gördüm ki, gələcək proseslər elə də asan olmayacaq. Əgər indiyədək Aİ, üzvlüklə bağlı Türkiyə qarşısında 3, 4 tələb qoyurdusa, artıq 20-30 tələb qoyacaq. Ancaq bir məsələ də var ki, söhbət təkcə Türkiyə-Avropa əlaqələrindən getmir. Burda həm Suriya problemi, həm qaçqın, həm də iqtisadi məsələlər var". 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan: "Referendumun nəticələri Türkiyə dövlətinə xidmət edəcək"

Sabiq konsulun sözlərinə görə, seçkinin nəticəsi ilə bağlı yaranan çatışmazlıqları Avropa artıq dünən gecədən əlində bayraq eləməyə başlayıb. Türkiyənin Ali Seçki Qurumunnun "2 milyon yarım möhürsüz bülleteni qəbul edirəm, bunlar da keçərlidir" deməsi, Avropanın seçki tarixində görülməmiş bir şey idi: "Bu nonsensdir. Əsas məsələ, Türkiyənin bu faktı Avropaya necə qəbul etdirəcəyidir. Təbii ki, Avropa özü heç də hər zaman düzgün mövqedə dayanmır. Avropa baş verən saxtakarlıqları qəbul eləsə belə, bir çox ağır şərtlər irəli sürəcək. Hansı şərtlər irəli sürər, bunu bilmək olmaz. Qısası, Aİ dövlət rəsmiləri referendum sonrası verdikləri bəyanatlarda, Türkiyəni yaxından izləyəcəklərini deyiblər. Ərdoğanın atacağı hər addım incələnəcək" — Nəbioğlu deyib.

Onun fikrincə, indi Ərdoğanın qarşısındakı ən böyük problem AK partiyadır: "Çünki bugünkü partiya təşkilatları ilə, onun 2019-cu ildə prezident seçilməsi böyük sual altındadır. 2017-2018-ci illərdə Ərdoğan bütün diqqətini AKP-nin nüfuzunu bərpa etməyə ayıracaq". 

© Photo : Güngör Gökdağ şəxsi arxivindənSiyasi şərhçi Güngör Gökdağ
Siyasi şərhçi Güngör Gökdağ - Sputnik Azərbaycan
Siyasi şərhçi Güngör Gökdağ

Mövzunu Sputnik Azərbaycan-a türkiyəli politoloq Güngör Gökdağ da şərh edib. Politoloqun sözlərinə görə, dünənki referendumla birlikdə Türkiyənin Respublika tarixində ən vacib sistem dəyişikliyi edildi: "Respublika tarixinin ən vacib sistem dəyişikliyi gerçəkləşdi. Yəni prezidentli idarəetməyə keçidi nəzərdə tutan Konstitusiya dəyişikliyi 51% səslə qəbul edildi. Türk xalqı illərdir davam edən inkişafın, istiqrarın davamı üçün Ərdoğanın liderliyinin davamı yönündə qərar verdi".

Güngör Gökdağ, Avropa, Qərb ilə münasibətlərin bundan sonra hansı formada davam edəcəyi barədə deyib: "Referendum öncəsində qərbdə çox ciddi "xeyr" kampaniyası keçirildi. Türkiyədən gələn dövlət adamlarına öz həmyerliləri ilə qapalı salonda belə görüşməyə imkan vermədilər. Bu necə demokratiyadır? Təbii ki, sonda müvəffəq ola bilmədilər. Təəssüf ki, Qərb ölkələri Ərdoğanı fərqli platformda dəyərləndirir. Onu, sanki müsəlman dünyasının xəlifəsi kimi görür" — deyə politoloq bildirib.

Gökdağ hesab edir ki, qərblilər Ərdoğanın nə vaxtsa müsəlmanları bir qüvvə olaraq birləşdirəcək güc kimi görür.

"Respublikanın tarixinə baxsaq görərik ki, Avropa ilə münasibətlər, heç vaxt indiki qədər gərgin olmayıb. Avropa hər şeydən öncə, Ərdoğanı qəbul etməlidir. Onun rəhbərliyinə hörmətlə yanaşmalıdır. Əks halda, Türkiyə ilə İttifaq arasındakı gərginlik azalmayacaq" — deyə Gökdağ bildirib.

O, Ankaranın məlum gözləntilərinin olduğunun deyib: "Aİ Türkiyənin gözləntilərini qarşılamalıdır. Yarım əsrə yaxındır ki, ölkəmiz Avropa İttifaqına üzv seçilə bilmək üçün gözlədilir. Halbuki, demokratiyası da, iqtisadiyyatı da, potensialı da Türkiyədən qat-qat zəif dövlətlər, olduqca qısa müzakirələrdən sonra ittifaqa üzv qəbul edilirlər. Bunu görmək lazımdır".

Xəbər lenti
0