BAKI, 20 aprel — Sputnik. Rusiya şahmatçısı Sergey Karyakin Şəmkirdə keçiriləcək Vüqar Həşimov Memorialında iştirak etmək üçün Azərbaycana gəlib. Məşhur şahmatçı Vüqar Həşimovun məzarını ziyarət etmək üçün hava limanından birbaşa Fəxri Xiyabana yollanıb. Sergey Karyakin dostu Vüqar Həşimovla bağlı xatirələrini yada salıb, şahmatçımızın heykəli önünə gül dəstələri qoyub.
ShamkirChess 2017 turnirinin mətbuat xidməti xəbər verir ki, qrossmeyster sonra Vüqar Həşimov Şahmat Akademiyasına yollanıb. Orada yeniyetmə şahmatçılarla görüşən Sergey Karyakin uşaqların suallarına cavab verib. Günün ikinci yarısında Rusiya təmsilçisi superturnirdə iştirak etmək üçün Şəmkirə yola düşüb.
Qeyd edək ki, Synergy Group və Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi ShamkirChess2017 superturnirinin təntənəli açılış mərasimi sabah keçiriləcək. Şəmkirdəki Heydər Əliyev Mərkəzində təşkil olunacaq açılış saat 18-30-da başlayacaq.