BAKI, 19 aprel — Sputnik. ABŞ alimi Patrik Makqovern (Patrick Edward McGovern) İsa peyğəmbərin "Sirli gecə" vaxtı məhz hansı şərabdan içdiyini müəyyən edib. Onun sözlərinə görə, İsa peyğəmbərin vaxtında Qüdsdə konsentrə olunmuş şərabdan tez-tez istifadə edirdilər.
Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən məlumatına görə, Pensilvaniya Universitetinin Arxeologiya və Antropologiya Muzeyinin mütəxəssisləri bildiriblər ki, bu, ədviyyat və meyvədən hazırlanmış konsentrə edilmiş içki idi. O vaxtlar Qüdsdə nar və mandraqora köklərindən hazırlanmış içkilər geniş yayılmışdı.
Amerikalı alimlər onu da bildiriblər ki, 2 min il əvvəldən etibarən şərab zamanla müxtəlif hallara düşüb. Lakin İsa peyğəmbərin seçdiyi şərab növünü müəyyən etmək asandır. Bir çox kilsə yazılarında şərabın zəfəran və darçın ətri verdiyindən danışılır.
Qeyd etmək lazımdır ki, məhz bu içki Yerusəlimə həmin ərazilərin yerli sakinləri olan qədim Roma legionerləri tərəfindən gətirilib. Makqovern içkilərin qorunduğu qədim gəmiləri tədqiq edib. O, həmin gəmilərin divarlarından götürülmüş nümunələr əsasında oradakı içkilərin kimyəvi tərkibini və xarakterini müəyyən edib.
Alim İsa Məsihin yaşadığı zamanlarda məşhur insanların içdiyi içkilərin xarakterinə dair bir neçə nəticəyə gəlib. Lakin məhz "Sirli gecə"də içilən şərabın nə olduğunu dəqiq söyləyə bilməyib.
"Əgər kimsə mənə "Müqəddəs Piyalə"ni (İsa peyğəmbərin şərab içdiyi piyalə — red.) tapsa və onu laboratoriyama göndərsə, biz onu analiz edərək İsa Məsihin içdiyi şərabın tərkibi barədə məlumat verə bilərik" – deyə mütəxəssis bildirib.
Qeyd edək ki, xristian mənbələrinə görə, sirli şam yeməyi İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə 12 həvarisi ilə yediyi yeməkdir. Bu yeməkdə İsa Məsih "Rəbbin süfrəsi" ayinini təsis edib. Bu yeməyə həmçinin "sirli" və ya "gizli" şam yeməyi deyirlər, çünki İsa ilə şagirdləri o gecə yəhudilərin ali məclisi olan Sinedriondan gizlənmək məcburiyyətində idilər.
"Sonuncu şam yeməyi"nin yeyildiyi gecəni də "Sirli gecə" adlandırırlar. Sözügedən şam yeməyinin yəhudilərin Pasxa bayramı vaxtı baş verdiyi iddia edilir.
Həm bu şam yeməyi, həm də "Yevxaristiya" "Tövrat"ın dini simvolikası ilə sıx bağlıdır. İnsanların bir-biriləri və Uca Tanrı ilə birliyin rəmzi olaraq müqəddəs süfrədə iştirak etmə adəti qədimdən mövcud olub. Yəhudilərin arasında da belə adət-ənənə var idi. İsa Məsih bu qədim adət-ənənə əsasında müqəddəs "Şəriklik süfrəsi", yaxud "Rəbbin süfrəsi" və ya sonradan xristian kilsəsində "Yevxaristiya" kimi qəbul olunan müqəddəs mərasimi təsis edib.