BAKI, 18 apr — Sputnik. Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı aprelin 16-da ümumxalq səsverməsi keçirilib. İlkin məlumata əsasən, seçicilərin 51.3 faizi konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib. Referendumda ölkə əhalisinin 84 faizi iştirak edib.
Qardaş ölkədə yeni idarəçilik sisteminə keçilməsini Sputnik Azərbaycan-a şərh edən millət vəkili Fazil Mustafanın sözlərinə görə, referendumla Türkiyənin mülkiyyət strukturunda bir dəyişiklik olmur və sadəcə idarəetmə forması dəyişir: "Bu da 2019-cu ildən qüvvəyə minəcək. 2019-cu ilədək də hələ siyasi qüvvələrin hansının güclü olacağı, güc itirəcəyi bəlli deyil. Ona görə də bu referendum Türkiyənin ictimai-siyasi həyatında ciddi bir dəyişikliyə səbəb olmayacaq".
"Bu, çox şişirdiləcək bir hadisə deyil. Çünki bu, o zaman olur ki, rejimlər dəyişir, mülkiyyət forması dəyişir və s. Onda ölkədə bir dəyişiklik olar. Amma indiki vəziyyətdə sırf idarəetmə forması dəyişir. Bu da Türkiyə üçün böyük bir perspektiv vəd etmir" — Mustafa bildirib.
Millət vəkili Fərəc Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Türkiyə xalqı sistem dəyişikliyinə "hə" deyibsə, biz buna hörmətlə yanaşmalıyıq: "İnanırıq ki, nəticələr də xalqın istəyinə, milli mənafelərinə uyğun olacaq. Bu gün Türkiyədə demokratik şəkildə xalqın iradəsi ilə sistem dəyişikliyi olursa, bu, xalqın qələbəsidir".
Politoloq, Azad Demokratlar Partiyasının (AZDP) sədri Sülhəddin Əkbər isə hesab edir ki, parlamentli sistem, xüsusən də inkişaf etməmiş ölkələrdə prezident üsul-idarəsindən daha üstündür. "Çünki prezidentli respublikada hakimiyyətin bir əldə cəmlənməsi yüksək səviyyədə olur" — o, Sputnik Azərbaycan-a açıqlamasında deyib.
"İnkişaf etməmiş demokratiyalarda bu, avtoritarizma yol açır. Nəzərə alaq ki, Türkiyə demokratik ölkə olsa da, tam inkişaf etmiş ölkə deyil. Bu mənada, prezident üsul-idarəsinin tətbiq olunmasının Türkiyəyə fayda verəcəyini düşünmürəm" — S. Əkbər əlavə edib.
Onun sözlərinə görə, dünyada prezident üsul-idarəsinin ən uğurlu variantı ABŞ-dadır: "Orada tarixi şərait və şərtlər fərqlidir. Ona görə də Türkiyədə, xüsusən də kiçik fərqlə referendumun keçirilməsi və burada AK Partiyanın qalib çıxması siyasi gərginliyi, Türkiyənin xarici siyasətdə problemlərini daha da artıracaq. O baxımdan bunun Türkiyə üçün ən azı görünən gələcəkdə faydalı olacağını düşünmürəm".