BAKI, 10 apr — Sputnik. Azərbaycanda ardıcıl ikinci ildir keçirilən "Neymar Jr’s Five" futbol turnirinə start verilib. İlk seçim mərhələsi Lənkəranda baş tutub.
22 komandanın iştirak etdiyi yarış maraqlı mübarizəylə yadda qalıb. Sonda "Lenko" komandası qalib olub.
Finalda "Viləş"lə qarşılaşan "Lenko"nun oyunçuları qələbədən sonra təəssüratlarını bölüşüblər. Onlar əvvəldən güclü rəqiblə mübarizədə qalib gələcəklərinə o qədər də inanmadıqlarını bildiriblər.
"Finalda rəqibdən çəkinirdik. Bununla belə qalib gəlməyi bacardıq. Bundan sonra istənilən rəqiblə oyuna özümüzü hazır sayırıq" — "Lenko"nun oyunçusu Elvin Quluzadə deyib.
Qeyd edək ki, Lənkəran seçiminin qalibini milli final gözləyir. Həlledici mərhələdə Azərbaycanın müxtəlif bölgələrindən olan komandalar yarışacaq.
Turnirin yaş həddi 18-25 olsa da, bu il ilk dəfə hər komandada 2 oyunçunun yaşının 25-dən yuxarı olmasına icazə verilib.
Ümumilikdə 100-dən çox komandanın iştirak etdiyi futbol turnirinin qalibi "Neymar Jr’s Five" yarışının Dünya Finalına vəsiqə qazanacaq. Ölkəmizdə seçim mərhələləri Lənkəranla yanaşı Şəki, Gəncə, Quba və Bakı şəhərlərində keçiriləcək. Milli final isə mayın 6-da Bakıda təşkil olunacaq.
Qeyd edək ki, Dünya Finalı Neymarın vətəni Praya-Qrandidə, "Instituto Projeto Neymar Jr" stadionunda keçiriləcək.
Turnirdə iştirak edə bilmək üçün bu ünvanda qeydiyyatdan keçmək lazımdır.