BAKI, 10 apr — Sputnik. İstehsalat və məişət tullantlarının yığılması, daşınması, məhv edilməsi böyük bir problemə çevrilib. Paytaxtın mərkəzdən kənarda yerləşən bir çox ərazilərində qalaqlanmış zibil qablarına, od vurulmuş zibilliklərə rast gəlmək olar. İnsanlar tullantıların vaxtı-vaxtında daşınmadığını görüb, onları öz bildikləri üsulla — yandırmaqla məhv etməyə çalışırlar.
Amma zibil tullantılarının yandırılması zamanı yaranan və atmosferə atılan zəhərli qazların yaratdığı fəsadlar heç kimi maraqlandırmır. Ətrafı zibil tullantılarının qoxusu, zəhərli qazlar bürüsə də, bu, böyük problem kimi qarşılanmır. Bir çox qəsəbələrdə zibil qabları, zibilliklər bir balaca dolan kimi yandırılır.
Bu vəziyyət çox vaxt "sakinlərin ehtiyyatsızlığı üzündən yanğın baş verib" kimi izah edilir. Zibil tullantılarının yandırılması hallarına da daha çox ətraf qəsəbələrdə rast gəlinir. Kimi həyətində, kimi küçəsində yığılıb qalan zibildən qurtulmaq üçün çarəni onları yandırmaqda görür. Bu isə insan sağlamlığı üçün böyük təhlükədir.
"Ətraf Mühit, Elm və Texnologiya" jurnalının məlumatına görə, zibillərin yandırılması zamanı havaya çox sayda zəhərli qazlar atılır. Araşdırmalara görə, hər il dünyada yandırılan iki milyard ton zibilin 40 faizi açıq sahələrdə, həyətlərdə, zibilliklərdə yandırılır. Zibilin yandırılması zamanı havaya karbondioksid, karbonmonoksid, civə və günəş şüalarını donuqlaşdıran və ağciyərlərə dolan digər çirkləndiricilər buraxılır.
Məlumatda qeyd edilir ki, ən çox zibil Çin, Hindistan, Braziliya və Meksikada yandırılır. Ekoloqlar hesab edirlər ki, zibil tullantılarının yandırılması insan orqanizmi üçün təhlükəlidir. Çünki zibil yandığı zaman tərkibində olan zəhərli maddələr, qazlar havaya sovrulur.
Ekoloq Vaqif Əliyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, zibil tullantıları yandırılan zaman havaya karbonmonoksid, karbondioksid və bu kimi qazlar ifraz olunur: "Zibil tullantıları yandırılan zaman havaya 200-dən artıq zəhərli qaz atılır. Bu qazlar, maddələr insan orqanizmi üçün çox təhlükəlidir. Belə ki, xərçəng, tənəffüs yolu xəstəlikləri, endokrin sisteminin pozulması, sonsuzluq kimi xəstəliklərin yaranmasına səbəb olur".
Mütəxəssisin sözlərinə görə, inkişaf etmiş ölkələrdə zibil tullantıları yandırılmır: "Azərbaycanda isə zibil tullantıları daha çox vətəndaşlar tərəfindən yandırlır. Vətəndaşlar özləri də bilmədən zəhərlənmələri üçün əllərindən gələni edirlər. Metal məmulatları yandırılan zaman yox olmur. Bu maddələr buxaralanaraq, daha təhlükəli şəkildə ətraf mühitə yayılır. Yüksək istilik zamanı arsen, civə, xrom və s. bu kimi toksik metallar havaya yayılır və tənəffüs zamanı udulur".
Müsahibimiz bildirir ki, tibbi ləvazimatların, dərmanların yandırılması daha təhülkəlidir: "Civə çox təhlükəli maddədir. Havaya yayılan zaman qida zəncirinə qatılan metal civəyə çevrilə bilir. Yəni, biz həmin maddəni qidalanarkən də qəbul edirik. Bundan əlavə, zibil tullantılarının yandırılması zamanı havaya qalxan qazlar və kül torpağa çökdüyü zaman içdiyimiz suya qarışır".
Ekoloq hesab edir ki, zibil tullantıları yanan zamanı bizə məlum olmayan qazlar da xaric ola bilər: "Bu da yandırılan zibilin tərkibinə görə dəyişir. Zibil tullantıları yandırılan yerlərin ətrafında yaşayan insanlar çirkli hava ilə nəfəs alır, çirkli tərəvəz, yumurta və ya süd istifadə edir, əlini çirkli torpağa toxundurmaqla zəhərlənir. Zibilin tərkibinə əmin olmadığınız üçün heç bir zibili yandırmamağınız məsləhətdir".
V. Əliyev bildirir ki, zibilin yandırılması zamanı tullantılar daha zərərli formaya çevrilərək ətrafa yayılır: "Əvvəlcə bərk, qatı və ya axıcı şəkildə olan tullantı yandırıldığı zaman karbon (4) oksidlə birlikdə çox çirkləndirici və ağır metalın qaz halında ətrafa yayılmasına səbəb olur. Yanma nəticəsində kül qaz şəklində torpağa, suya, qidalara və ordan da insan və heyvanların bədəninə daxil olur. Bu tullantıların qalıqları ölənə qədər insan bədənindən xaric olunmur. Çox zaman da ölümə səbəb olan xəstəliklər yaradır".
Həkim-terapevt Məlahət Abbasovanın bildirdiyinə görə isə, zibil tullantıları yandırılan ərazilərdə yaşayan insanlarda tənəffüs yolu xəstəlikləri, nevroloji xəstəliklər, sonsuzluq, anadangəlmə anormallıq və sağlamlıqla əlaqəli bir çox problemlər müşahidə edilir: "Zibil tullantıları yandırılan zaman havaya qalxan zəhərli qazlar ilk növbədə tənəffüs yollarını sıradan çıxarır, ağciyərlərə dolduğu üçün boğulmaya, zamanla zəhərlənməyə səbəb ola bilir. Zibillərin çox yandırıldığı ərazilərdə yaşayan uşaqlarda xərçəngə meyllilik çox olur. Təmiz hava şəraitində böyümədikləri üçün onlarda hələ körpə yaşlarından müxtəlif xəstəliklər yarana bilər".
Həkim bildirir ki, bir ərazidə zibil yandırılırsa, həmin ərazinin havası, suyu, torpağı zəhərlənir: "Dolayısı ilə ərazidə olan qidaların da tərkibi toksiki maddələrlə zəngin olur. Belə ərazilərdə doğulan uşaqlarda anadangəlmə qüsurlar da müşahidə edilə bilər".
"Zibillərin yandırıldığı ərazilərdə hamilə qadınlarda uşaqsalma halları, sonsuzluq da müşahidə edilə bilər. Ağciyər xəstəlikləri, müxtəlif xərçəng növləri yaranar. Əgər səhər tezdən nəfəs alanda ciyərlərinə təmiz hava əvəzinə zibil yanığı qoxusu çəkirsənsə, hansı sağlamlıqdan söhbət gedə bilər?" — M. Abbasova sual edir.
Qeyd edək ki, artıq dünyanın bir çox ölkələrində zibil tullantılarının yandırılmasına qarşı mübarzə başlayıb. Azərbaycanda isə problem hələ də davam edir…