BAKI, 10 apr — Sputnik. Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aprelin 10-u axşam saatlarından etibarən Əziz Əliyev küçəsinin Qoşa Qala qapılarının qarşısındakı hissəsində yolun kənarına baryerlərin quraşdırılmasına başlanacaq. Bunun ardınca iş prosesi İstiqlaliyyət küçəsi boyunca davam etdiriləcək. Niyazi küçəsinə qədər görüləcək baryer quraşdırma işlərinin aprelin 17-dək başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, trekin paytaxtın mərkəzi küçələrindən keçən hissələrində görülən işlər bir qayda olaraq nəqliyyatın hərəkətinin sıx olmadığı saatlarda (22:00-dan 06:00-dək) həyata keçirilir.
Xatırladaq ki, paytaxt sakinlərindən göstərilən müddət ərzində trekin bu hissəsində avtomobillərini saxlamamaları xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneçilik törədən nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.