BAKI, 7 apr — Sputnik. Azərbaycana viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə, onlar barədə məlumatı özündə əks etdirən və onların ölkədə müvəqqəti olma müddətlərinə nəzarət etmək imkanı verən sənəd — miqrasiya kartı veriləcək. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Miqrasiya Məcəlləsinə əlavələr edilir.
Yeni əlavələrə əsasən, Azərbaycana viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər miqrasiya kartını doldurmalı və Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqələrindən keçərkən pasport və ya digər sərhədkeçmə sənədi ilə birgə təqdim etməlidirlər. Bəzi əcnəbilər üçün isə miqrasiya kartının doldurulması tələb olunmur. Həmin əcnəbilər xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycana diplomatik missiya ilə gələn və ya diplomatik pasportlara malik olan şəxslər, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.
Miqrasiya kartı əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə müvafiq icra hakimiyyəti opranının əməkdaşları və ya nəqliyyat xidmətləri göstərən şirkətlərin nümayəndələri tərəfindən pulsuz verilir. Miqrasiya kartı əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkəyə gəldikləri nəqliyyat vasitəsində (təyyarə, gəmi, avtobus, qatar), şəxsi nəqliyyatı ilə və ya piyada gəldikdə bilavasitə dövlət sərhəd xidmətinin buraxılış məntəqəsində doldurulur. Dəyişikliyin mayın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında miqrasiya kartının beynəlxalq təcrübədə geniş tətbiq olunduğunu deyib: "Viza tələb olunmayan ölkələr arasında münasibətlərin tənzimlənməsi həm də miqrasiya kartı vasitəsilə həyata keçirilir. Çünki viza olanda ölkəyə daxil olan şəxs barədə bütün informasiya bazaya daxil edilir. Ümumiyyətlə, məlumat bazasını daim təkmilləşdirmək, yeniləmək olur".
Onun sözlərinə görə, miqrasiya kartı Rusiyada geniş şəkildə kifayət qədər uğurla tətbiq olunan bir alətdir: "Miqrasiya kartında bütün zəruri informasiyalar olur. Şəxsin ölkə ərazisinə gəlməsi, çıxması, hansı məqsədlə gəlməsi və s. barədə informasiya orada yerləşdirilir".
"Düzdür, əvvəl əcnəbilər gəlib qeydiyyata düşürdü və həmin informasiyalar orada da təqdim olunurdu. 10 gün müddətdən artıq ölkə ərazisinə daxil olan əcnəbilər qeydiyyata düşərkən mütləq həmin o informasiyanı doldurmalı idilər. Amma ölkəyə 10 günə qədər müddətə gələn, yəni, bu müddət başa çatana kimi ölkəni tərk edən əcnəbilər barədə informasiya yalnız giriş-çıxış yerində əks olunurdu" — deyə o bildirib.
Allahverənovun sözlərinə görə, miqrasiya kartı imkan verir ki, ölkə ərazisinə daxil olan hər bir əcnəbi barədə informasiya vahid məlumat bazasına daxil edilsin: "Bu, nəinki informasiyanın əldə olunması, həm də informasiyanın təhlili, miqrasiya proseslərinin proqnozlaşdırılması, dövlətlərarası miqrasiya proseslərinin spesifikasinın dərindən öyrənilməsi baxımından da olduqca vacibdir. Miqrasiya kartı indiyədək açıq qalan bir çox məsələyə haradasa işıq sala biləcək bir alətdir".
Onun sözlərinə görə, 5-10 il bundan qabaq ölkə ərazisinə daxil olan əcnəbilərin sayı bir o qədər də çox deyildi: "Azərbaycan getdikcə miqrantlar üçün cəlbedici ölkəyə çevrilir. Bura il ərzində on minlərlə deyil, artıq yüz minlərlə əcnəbi daxil olur. Belə bir şəraitdə də informasiyanın təhlil olunması üçün yeni alətlərin yaradılması olduqca vacibdir. Miqrasiya kartı da uğurlu alətlərdən biri hesab olunur. Ən azından qonşu ölkələrdə bunun tətbiqini görmüşük".
Miqrasiya məsələləri üzrə ekspert Əhməd Şirinov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, miqrasiya kartına ehtiyac yoxdur: "Kartdan istifadə edən ölkələr bundan imtina edib və bunun heç bir əhəmiyyəti də yoxdur. Bu, adi kağız parçasıdır. Sadəcə əlavə işdir, vaxtın yubadılmasıdır".
"Orada yazılan informasiyalar yoxlanılmır. Girişdə verilir, çıxışda toplanılır, amma bir müddət keçəndən sonra adi formal xarakter daşıyır. Bu, əlavə bürokratiya üçün əsaslar yaradır. Giriş-çıxış sistemində kimin girib-çıxdığı avtomatik qeyd olunur. Bu kartlar vaxtilə bizdə olub" — Şirinov vurğulayıb.
Qeyd edək ki, martın 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, bu dəyişiklik ölkəmizin təhlükəsizliyinə xidmət edir.