BAKI, 4 apr — Sputnik. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) və BP Şirkətinin birgə tərəfdaşlığı ilə fəaliyyətə başlayan “Uğurlu gələcək” Könüllülərin İnkişaf Proqramının tərkib hissəsi olaraq 4 aprel tarixində ağacəkmə aksiyası keçirilib.
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aksiya Bakı 2017 Könüllülərinin sosial fəallığını artırmaq, eləcə də təbiətimizin qeydinə qalmaq və cəmiyyətimiz üçün sağlam yaşamı vəd edən ekoloji mühit təmin etmək uğruna ətrafı yaşıllaşdırmaq məqsədi ilə təşkil edilib.
Ceyranbatan Su Anbarı ərazisində keçirilən ağacəkmə aksiyasına 50 nəfəri könüllü olmaqla, ümumilikdə 100 nəfər qatılıb. Bakı 2017 Könüllülərinin xüsusi fəallığı ilə baş tutan aksiyanın sonunda 500 ədəd ağac əkilərək ətraf mühitin mühafizəsinə töhfə verilib.
Könüllülərdən başqa, 4-cü İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran Hüseynov, eyni zamanda idmançı səfirlər – Bakı 2015 Avropa Oyunlarının, həmçinin, yüngül atletika üzrə Yeniyetmələr arasında keçirilmiş Avropa Çempionatının qızıl medal mükafatçısı Nazim Babayev, boksçular Aynur Rzayeva və Leyla Cavadova də bu ağacəkmə aksiyasında iştirak edərək, öz dəstəklərini əsirgəməyiblər.