BAKI, 3 apr — Sputnik. Bakının Nərimanov rayonunda aprelin 1-dən 2-nə keçən gecə baş verən ikiqat dəhşətli qətl ölkə ictimaiyyətini şoka salıb. Heç cür başa düşmək olmur ki, 500 manatdan ötrü adamları necə öldürmək olar. Nərimanov rayon Polis İdarəsinin əməkdaşları sözügedən qətlin ayrıntılarını Sputnik Azərbaycan-a danışıblar.
Məlumata görə, 1997-ci il təvəllüdlü Astara rayon sakini Cəfərov Azər Fərman oğlu 1991-ci il təvəllüdlü Fərizə Qasımzadəni, onun 2001-ci il təvəllüdlü qardaşı Sahil Qasımzadəni qətlə yetirib, onların anası, 1962-ci il təvəllüdlü Məmmədova Lətifə Ağamurad qızına isə çoxsaylı bıçaq xəsarətləri yetirib.
Məlum olub ki, əvvəllər Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri ilə məhkum edilmiş Cəfərov Lətifə Məmmədovanın qohumu imiş.
Qətl baş verməmişdən bir qədər əvvəl Cəfərov uşaqları ilə Keşlə qəsəbəsindəki fərdi evlərdən birində yaşayan Məmmədovagilə qonaq gedibmiş. O, elə burada da qətl hadisəsini törədib.
Qeyd edək ki, patoloqoanatomlar Fərizə Qasımzadənin bədənində 26 bıçaq yarası aşkarlayıblar. 16 yaşlı Sahil Qasımzadə boğularaq öldürülüb. Qatil qadının boğazını kəsib. Hazırda Məmmədova Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində ağır vəziyyətdədir.
Gənclərin meyitlərini hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal tapmayıblar.
Aydın olub ki, qatil meyitlərdən xilas olaraq cinayətin izini itirmək istəyib. O, Sahilin meyitini 90 NK 308 dövlət nömrə nişanlı BMW-318 markalı avtomobilin yük yerinə qoyaraq gizlədib.
Əməliyyatçılar cinayətin izinə düşərək zərərçəkmişin oğlunu axtarıblar. Onlar Sahilin şəklini ətrafda hamıya göstərərək onu görüb-görmədiklərini soruşublar. Bu zaman onlar hələ Sahilin öldürülməsindən xəbərsiz olublar. Məmmədovanın vəziyyəti ilə əlaqədar olaraq ondan oğlu barədə soruşa bilməyiblər. Gənci bir neçə saatdan sonra tapmaq mümkün olub.
Belə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı dairəsində Cəfərovun maşının təkəri buraxıb və o, içində öldürülmüş oğlanın cəsədi olan maşını ora buraxıb. Əməliyyatçılar Cəfərovun izinə tez düşüblər.
İlkin məlumatlara görə, qatil meyiti dənizə atmaqla ondan canını qurtarmaq istəyib. Lakin Cəfərov buna imkan tapmayıb.
Hadisədən dərhal sonra yaxalanan Cəfərov istintaq zamanı etiraf edib ki, qətldən bir qədər əvvəl Məmmədovagilin qonağı olub. Qadın onu şam yeməyinə dəvət edibmiş. Stol arxasında Cəfərov ona pul lazım olduğunu deyib. Amma Məmmədova bildirib ki, ona kömək edə bilməyəcək, çünki pulu yoxdur.
“Mən ona inanmadım və yalan dediyini başa düşərək hirsləndim. Bundan sonra baş verənləri bilirsiniz” – deyə qatil dindirilmə zamanı bildirib.
Ailə üzvləri ilə haqq-hesabı çürüdəndən sonra cinayətkar evi axtarıb və oradan 207 dollar və 250 manat tapıb.
Faktla bağlı araşdırma davam edir.