BAKI, 1 apr-Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib ki, Bakı-Tbilisi-Qars layihəsində işlərin ləngiməsinə səbəb qışın sərt keçməsi olub.
"Bu il Bakı-Tbilisi-Qars layihəsində işlər çox irəli getməli idi, amma qışın sərt keçməsi bu işlərə maneə yaratdı" — deyə Cavid Qurbanov bildirib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Qurbanov bu il Qarsda 47-54 dərəcə şaxta olduğunu, ona görə də işlərin yubandığını bildirib.
Lakin o, Bakı-Tbilisi-Qars dəmir yolu ilə səfərə çıxmaq istəyənlərə bu sözlərlə təsəlli verib:
"Qarsda 80 kilometrlik yolun 27 kilometrinin üst yatağı artıq düzülüb. Gələn ay Qarsda Türkiyəli nazir Əhməd Arslanla görüşəcəyəm. Bu il avqustun axırı, sentyabrın əvvəlinə kimi Qars yolunu aça bilərik. Bizə mane olacaq bir məsələ qalmayıb."
Lakin QSC sədri onu da deyib ki, Azərbaycan və Gürcüstan tərəfdə işlər demək olar tam yekunlaşıb. Burada təxmini 10-15% iş qalıb. Türkiyə tərəfdə isə tikinti işləri hələ qalıb.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın ortalarında demişdi ki, yaxın iki ay ərzində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını edəcəklər.