BAKI, 31 mart — Sputnik. Hesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) və tabeli müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinə dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub.
APA-nın məlumatına görə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli sərəncamına müvafiq olaraq yaradılıb və 2009-cu il 21 iyul tarixli sərəncamla Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə və idarəçiliyinə verilib.
Audit ASC-nin 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində fəaliyyətini və ümumilikdə 246,2 mln. manat məbləğində vəsaiti əhatə edib. Müəyyən edilib ki, ASC tərəfindən xərclər smetası ümumilikdə qənaətlə icra edilsə də, bəzi xərc istiqamətlər üzrə 2014-cü ildə artıq xərclərə yol verilib. Auditlə əhatə olunan dövrdən əvvəlki illərdə müvafiq satınalmalarla rezident və qeyri-rezidentlərdə yeddi halda bağlanmış müqavilələrin icra müddəti başa çatmasına baxmayaraq, avadanlıqların alınması audit dövrünün sonuna təmin edilməyib. Müqavilə məbləği əsasən satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı alınmadan qabaqcadan ödənilib, bəzi müqavilələr tam yerinə yetirilməyib və ödənilmiş vəsait debitor borcda saxlanılıb. Satınalmaların həyata keçirilməsi zamanı açıq tenderlə həyata keçirilməli satınalmalar 6 halda ayrı-ayrı kotirovkalara bölünməklə icra edilib. Qeyri-rezidentlərlə bağlanmış satınalma müqavilələrinin icrası zamanı malgöndərən tərəfindən bəzi hallarda malların daşınmasına dair sənədlər ASC-yə təqdim edilməyib, mühasibatlıqda debitor borc məbləği gömrük yük bəyannamələri əsasında bağlanılıb.
Müəyyən edilib ki, kənd təsərrüfatı texnikaları üçün 2014-2016-cı illərdə alınmış ehtiyat hissələrinin rayon bölmələrinə və kənar şəxslərə verildiyi rəsmiləşdirilsə də, onların dəyəri ASC-nin istifadəsində olan texnikaların qalıq dəyərinə əlavə edilməyib. Auditlə əhatə olunan dövrdə alınmış mineral gübrənin anbardan vahid qiymətə satışı ASC tərəfindən qiymətlərin tənzimlənilməsi üçün imzalanmış əmrlər əsasında təmin edilib ki, bu da qiymət fərqi hesabına gəlirlərinin təkrar dövriyyə və büdcə vəsaiti hesabına artmasına səbəb olub. Auditlə əhatə olunan dövrdə lizinq müqaviləsi üzrə borc öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən 8 hüquqi və fiziki şəxsdən ASC-nin müvafiq əmrlərinə əsasən lizinqə götürəndən geri alınmış 9 texnoloji avadanlıq üzrə borc qalığının alınması, həmçinin lizinq məqsədi ilə 2 halda alınmış texnoloji avadanlığın lizinqə verilməsi təmin edilməyib.
Hesablama Palatasının Kollegiyası “Aqrolizinq” ASC və onun tabeliyində olan müəssisələr tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib. Auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Kənd Təsərrüfatı Nazirliyinə və “Aqrolizinq” ASC-yə göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.