Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Bu, hökumət üçün həyacan siqnalıdır"

© Sputnik / Murad OrujovBüdcə pulları
Büdcə pulları - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət büdcəsinə yenidən baxılması təklifi ekspertlərin etirazına səbəb olub

BAKI, 30 mart — Sputnik. "Büdcəyə yenidən baxılması üçün ciddi əsaslar görmürəm. Əvvəla, neftin qiyməti ucuzlaşmağa doğru start götürüb. Bu ayın əvvəli ilə müqayisədə neftin qiymətində 5 dollara yaxın ucuzlaşma var. Bu, o deməkdir ki, büdcədə götürülən neftin qiyməti daha adekvatdır. Çünki bundan sonrakı dövrdə də neftin qiymətində qeyri-müəyyənlik var".

© facebook/ Qubad İbadoğlu / Mediabanka keçidQubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri  - Sputnik Azərbaycan
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri

Bunu iqtisadçı-ekspert Qubad İbadoğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib. Ekspertin sözlərinə görə, ümumiyyətlə, ABŞ Federal Ehtiyat Sistemi (FED) də uçot dərəcələrini qaldırmağa meyllidir: "Bu da neftin qiymətini ucuzlaşdıran amillərdən biridir. Bu, dolların bahalaşması fonunda bir daha müşahidə olunmaqdadır. Həm də nəzərə almaq lazımdır ki, dövlət büdcəsində neftin qiymətinin yüksək və aşağı olmasının təsirləri əvvəlki qədər çox deyil. İndi dövlət büdcəsinə sabit olaraq Dövlət Neft Fondundan transfertlər edilir. Bunların da qiymətə aidiyyəti yoxdur".

"Qiymət yüksək və ya aşağı olsa da, yenə həmin o transfertlər dövlət büdcəsinə çatdırılacaq. Dövlət büdcəsində və yaxud da Dövlət Neft Fondunun büdcəsində qiymət məsələsini əsas götürüb büdcəni yenidən tərtib etməyin mənası yoxdur" — Q. İbadoğlu qeyd edib.

İqtisadçı "Büdcəyə yenidən baxılsa, maaşlara təsiri olacaqmı" sualına cavabında bildirib ki, bu, sadəcə olaraq büdcə proqnozlaşdırmasına təsir göstərir: "Burada maaşlara, əmək haqlarına, pensiyalara təsirdən söhbət gedə bilməz".

İqtisadçı-ekspert Rəşad Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında hazırda neft qiymətləri ilə bağlı vəziyyətin müsbət istiqamətli olmadığını deyib: "Çünki faktiki olaraq son aylarda, həftələrdə ABŞ-da neft ehtiyatlarının həcmi sürətlə artır. Eyni zamanda, aktiv quyuların sayında, hasil olunan neftin həcmində artımlar o qənaəti formalaşdırıb ki, qiymət dəyişəcək. Məhz bu səbəbdən son həftələrdə neftin qiymətində ciddi şəkildə azalma baş verib. "Brent" markalı neftin qiyməti 56-57 dollardan 51-52 dollara qədər ucuzlaşıb. Bu, təxminən 11-12 faiz ucuzlaşma deməkdir".

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

Ekspert düşünür ki, hökumət bunu bir həyacan siqnalı olaraq qəbul etməlidir: "Çünki bir çox analitiklər, təhlilçilər qlobal səviyyədə neftin qiymətində artımlardan çox ciddi azalma risklərinin olduğunu proqnozlaşdırırlar. Belə bir şəraitdə büdcəyə yenidən baxılması doğru olmaz".

Həsənov bir məqama da diqqət çəkir: "Büdcənin kiçildilməsinə baxmayaraq, sosial xərclərdə ciddi dəyişiklik baş verməyib, əksinə artımlar olub. Ümumiyyətlə götürəndə isə sosial xərclərin artım sürəti faktiki olaraq real bazarda müşahidə olunan inflyasiya səviyyəsi, istehlak qiymətləri indeksinin dəyişməsi ilə uzlaşmır".

"Düşünürəm ki, hələlik böyük ehtimalla, hökumət büdcəyə baxmayacaq və artımlara da getməyəcək. Çünki hazırda neftin qiymətləri ilə bağlı vəziyyət müəyyən qədər mübahisəlidir" — deyə o, qeyd edib.

İqtisadçının fikrincə, büdcəyə yenidən baxılması ilə bağlı qərar qəbul edilərsə, bu zaman ilk növbədə sosial xərclərin artırılması məsələsi gündəmə gəlməlidir: "Ümumiyyətlə, indiki şərtlər daxilində digər istiqamətlərə baxılması doğru olmaz".

Нефтяные станки-качалки - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Mayda büdcəyə dəyişiklik edilə bilər"

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, dünya bazarlarında neftin qiymətinin artması ilə əlaqədar 2017-ci ilin dövlət büdcəsinə düzəlişlər edilə bilər. O bildirib ki, 2017-ci ilin dövlət büdcəsində neftin qiyməti bir barel üçün 40 dollar səviyyəsində müəyyən olunub: "Lakin hazırda dünya bazarlarında neftin qiyməti 2017-ci ilin dövlət büdcəsi üçün əsas götürülmüş proqnoz qiymətindən yüksəkdir. Mənə elə gəlir ki, bu proses belə davam edərsə, dövlət büdcəsinin yenidən baxılması zərurəti meydana çıxacaq".

Deputat əlavə edib ki, parlamentdə dövlət büdcəsinə neftin qiyməti ilə bağlı dəyişikliklərin edilməsi məsələsinə may ayında baxıla bilər. Maliyyə Nazirliyindən isə bildirilib ki, dövlət büdcəsinə düzəlişlər edilməsi hazırda gündəlikdə deyil. Onu da bildiriblər ki, ümumiyyətlə, neft qiymətlərinin büdcədə göstəriləndən yüksək olması faktı Dövlət Neft Fondunun gəlirlərini artırır. Dövlət büdcəsinə transfertlər isə planlaşdırılmış səviyyədə qalacaq.

Xəbər lenti
0