BAKI, 28 mart — Sputnik. "Dünya bazarlarında neftin qiymətinin artması ilə əlaqədar 2017-ci ilin dövlət büdcəsinə düzəlişlər edilə bilər". Sputnik Azərbaycan-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, 2017-ci ilin dövlət büdcəsində neftin qiyməti bir barel üçün 40 dollar səviyyəsində müəyyən olunub: "Lakin hazırda dünya bazarlarında neftin qiyməti 2017-ci ilin dövlət büdcəsi üçün əsas götürülmüş proqnoz qiymətindən yüksəkdir. Mənə elə gəlir ki, bu proses belə davam edərsə, dövlət büdcəsinin yenidən baxılması zərurəti meydana çıxacaq".
Z.Səmədzadə əlavə edib ki, parlamentdə dövlət büdcəsinə neftin qiyməti ilə bağlı dəyişikliklərin edilməsi məsələsinə may ayında baxıla bilər.
Maliyyə Nazirliyindən isə Trend-ə bildirilib ki, dövlət büdcəsinə düzəlişlər edilməsi hazırda gündəlikdə deyil. Qurumdan onu da bildiriblər ki, ümumiyyətlə, neft qiymətlərinin büdcədə göstəriləndən yüksək olması faktı Azərbaycan Dövlət Neft Fondunun gəlirlərini artırır. Dövlət büdcəsinə transfertlər isə planlaşdırılmış səviyyədə qalacaq.