BAKI, 27 mart — Sputnik. BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF), Yəməndə son bir ildə ölən, yaralanan və ya döyüşməyə məcbur edilən uşaqların sayının 100% artdığını açıqlayıb. Sputnik Azərbaycan bu haqda TRT-yə istinadən xəbər verir.
UNICEF-in, iki ildən bəri vətəndaş müharibəsinin davam etdiyi Yəməndəki vəziyyət ilə əlaqəli hazırladığı hesabata görə, cinayətlərə qurban gedən uşaqların sayı 900-dən 1500-ə, yaralanan uşaqların sayı 2450-yə və döyüşməyə məcbur edilən uşaqların sayı 1580-ə çatıb. Ölkədə məktəbləri hədəf götürən hücumlar və bombalama hadisələri də 4 dəfə artıb.
Təxminən 1600 məktəbin dağıdıldığı ölkədə, 2 milyon uşaq təhsil alma haqqından məhrum qalarkən, qıtlıq səbəbiylə yarım milyondan çox uşaq da qidalana bilmir. Əhalisinin 80%-i humanitar yardıma möhtacdır. Ölkədə qız uşaqlarının üçdə ikisi isə kiçik yaşda ərə verilir.