Balıq ləvəngisinin bişirilməsi üçün lazım olan ərzaq reseptini və bişirilmə qaydasını Esmira Muradova bizlərə deyəcək.
Balıq ləvəngisini bişirmək üçün bizə:
1 ədəd ziyad (kütüm) balığı
500 qram soğan
200 qram qoz ləpəsi
150 qram palçıq turşusu
Az miqdarda duz və istiot lazımdır.
Əvvəlcə ziyad (kütüm) balığının pulcuqları təmizlənir, qəlsəmələri tamamilə çıxarılır. Qarnı yarılır, kürülü balıqdırsa kürüsü götürülür və daxili orqanları çıxarılır. Bundan sonra təmizlənən balığa zövqə uyğun duz, istiot vurulur və turşulanaraq dad götürməsi üçün 1 saat saxlanılır. Daha sonra 500 qram soğan maşında çəklilərək sıxılır. Soğanın sıxılması mütləqdir. Çünki soğan ləvəngiyə sıxılmadan qatılarsa, acı dadacaq. Ardınca 200 qram qoz ləpəsi maşında çəkilir və çəkilən 500 qram soğana qatılır. Sonra alınan qatqıya zövqə görə istiot, duz və palçıq turşusu qatılaraq qarışdırılır. Əvvəlcədən balıqdan götürdüyümüz kürü də ləvəngiyə qatılaraq qarışdırılır. Hazır olan ləvəngi balığın qarnına və qəlsəmə boşluğuna doldurulur.
Bildirək ki, balıq əgər kürüsüzdürsə, ləvəngisi bir qədər artıq hazırlanır. Bundan sonra hazırlanan balıq sobaya qoyulur və 1,5-2 saat müddətində bişirilir. Qeyd edək ki, baliq ləvəngisi də toyuq ləvəngisi kimi həm sobada, həm də təndirdə bişirilir. Təndirdə bişməsi üçün isə 1-1,5 saat vaxt lazımdır.
Məlumat üçün bildirək ki, Lənkəranda İlaxır çərşənbə süfrəsi balıq ləvəngisiz olmur.
Nuş olsun!