BAKI, 20 mart — Sputnik. Yaz aylarında ağacların çiçək açması, tozlanmanın başlanması və havada uçan toz hissəcikləri ilə əlaqədar allergik xəstəliklər yaranır və ya kəskinləşir. Buna görə də, çox zaman yaza "xəstəliklər fəsli" də deyilir. Allergik rinit, allergik faringit, dəri allergiyaları, allergik bronxit, xorniki mədə-bağırsaq xəstəlikləri yaz fəslində daha da ağırlaşır.
Terapevt-qastroenteroloq Mətanət Cəfərova Sputnik Azərbaycan-a bildirir ki, yazda mövsümü xəstəliklər deyəndə, əsasən allergik xəstəliklər nəzərdə tutulur: "Başqa fəsillərdə biz xəstələrə müqaviməti artırmaq üçün açıq havada çox gəzməyi məsləhət görürük. Amma yazda allergiyası olan insanlara günün birinci yarısı, xüsusən də 10-11 arası açıq havada gəzməyi məsləhət görmürük. Əgər allergiyası olan adam günün bu saatlarında açıq havaya çıxmaq məcburiyyətindədirsə, maskadan istifadə etməlidir. Çünki səhər saatlarında tozlanma daha çox olur".
Evlərin havalandırılmasının da günorta-axşam saatlarında edilməsi daha məqsədəuyğundur. Səhər saat 5-dən 11-ə qədər avtomobillərin pəncərəsini də açmaq məsləhət görülmür.
Həkim deyir ki, yaz fəslində gözləri də qorumaq lazımdır. Çünki yazda allergik konyuktivit meydana çıxa bilər: "Gün eynəklərindən istifadə edin. Evə gəldikdən sonra tez bir zamanda geyiminizi dəyişib duş almaq, saçlarınızı yumaq məsləhətdir. Bu zaman saçlarınızda olan toz hissəcikləri də təmizlənmiş olacaq. Yaz aylarında paltar yuyan zaman çalışın ki, qapalı eyvanlarda qurudasınız. Bu zaman çöldə olan toz paltarlarınıza hopmamış olacaq. Evdə heyvan saxlayanlar bu dövrdə çalışmalıdır ki, heyvanlar yataq otağına girməsinlər".
Yaz aylarında allergiyaya yaxalanmamaq üçün avtomobillərin hava filtrlərini də təmizləmək məsləhət görülür. Mütəxəssisin sözlərinə görə, siqaret çəkənlər siqaretdən imtina etsələr, daha yaxşı olar: "Siqaret çəkməyən insanlar isə çəkənlərdən uzaq olmalıdır. Kəskin qoxular, parfüm qoxusu olan yerlərdə olmaqdan çəkinmək lazımdır. Ümumiyyətlə, insanlar qəlyan çəkməməyə çalışmalıdırlar. Sitrus meyvələrdən uzaq olmalı, digər meyvələrə üstünlük verməlidirlər. Çərəzlərdən uzaq olmaq lazımdır. Çünki allergik xəstəlikləri qıcıqlandırır".
Allergik rinit (xəstə qrip deyil, burnu axır, özünü qrip olmuş kimi hiss edir), allergik konyuktivit (gözlərin yaşarması) allergik farengit (boğazda qıcıqlanma), allergik bronxit, bronxial astma, dəri qızartıları, ekzemalar yaz fəslinin allergik xəstəlikləridir. Cəfərova qeyd edir ki, allergiyası olanlar bol maye qəbul etməklə yanaşı, axşam saatlarında xüsusən dəniz havası qəbul etsələr, daha yaxşı olar: "Bu dövrdə uşaqlar və hamilə xanımlar xüsusi diqqətli olmalıdır. Bəzən heç bir vaxt allergiya görülməyən uşaqda allergik xəstəliklər meydana gələ bilər. Diqqətli olmaq lazımdır ki, xəstəlik xroniki hal almasın. Allergik xəstəliklərə genetik meyilliliyi olan insanlara həkim məsləhəti ilə müəyyən preparatlar verilir".
Yaz fəslində virus infeksiaylarının törətdiyi xəstəlikləri də unutmaq olmaz. Ümumiyyətlə, bütün mövsüm dəyişiklikləri zamanı havanın dəyişməsi, insanların qalın geyimlərdən nazik geyimlərə keçməsi virus infeksiyalarının da artmasına səbəb olur. Qripin və yaxud paraqripin törətdiyi aşağı və yaxud yuxarı tənəffüs yollarının kəskin iltihablı xəstəlikləri yaz fəslində, xüsusən mart ayında rast gəlinir.
Cəfərova belə xəstəliklər zamanı antibiotik qəbul etməyi məsləhət görmür: "Çünki antibiotik qəbulu bədəndə müqaviməti azaldaraq müqavimətsizlik yaradır. Ancaq simptomatik müalicə aparılmalı, hərarət varsa, ona qarşı dərmanlar qəbul edilməli və eyni zamanda bol maye qəbul edilməlidir. Mövsümə uyğun olaraq tərkibi vitamin C ilə zəngin olan meyvələrə üstünlük verilməlidir. Alma, kivi, limon, mandarin, portağal yeyilməsi vacibdir. Yuxu və iş arasında tarazlıq yaradılmalı, insan bədənini çox yormamalıdır".
"Yaz aylarında mədə və 12 barmaq xora xəstəlikləri kəskinləşir. Xora və ya xroniki qastriti olan xəstələr bizə daha çox yaz aylarında xəstəliyin kəskinləşməsi ilə bağlı müraciət edirlər. Yazda belə xəstələr qidalanmaya daha çox diqqət yetirməli, az-az və tez-tez qidalanmalıdırlar. Bilirisiniz ki, mədə turşuluğu hər 3-4 saatdan bir pik nöqtəyə çatır. Mədədə qida yoxdursa, bu zaman xora, qastrit kəskinləşir. Buna görə də xəstələr 3 əsas vaxtda — səhər, günorta, axşam və 2 ara zamanı (səhərlə günorta, günorta ilə axşam yeməyi arasında) yeməklər yeməlidir. Təbii ki, ara yeməklər xörək olmamalıdır. Bu, meyvə, yoqurt, peçenye ola bilər. Mədə çox yüklənməməlidir. Axırıncı qida yuxudan 3 saat öncə olmalıdır. Xəstələr həkim məsləhəti olmadan yüksək dozalı ağrıkəsicilərdən, aspirin, parasetamol, Vitamin C, askorbin turşusu, antidepressantlardan istifadə etməməlidirlər" — ekspert vurğulayır.
Həkim məsləhət görürür ki, xora xəstəliyindən əziyyət çəkənlər zond müayinəsindən keçsinlər: "Çünki yaz fəslində bu xəstələrdə qanamalar müşahidə edilə bilər. Bu dönəmdə çox acılı, yağlı, duzlu, istiotlu, ədviyyatlı qidalardan, turşulardan uzaq olmaq lazımdır. Xüsusuən də yağlı qırzartma qidalar məsləhət görülmür. Quru qızartmalar, kabablar məsləhətdir. Amma yağın içərisində qızardılmış kotlet, ət və s. məsləhət görülmür. Sulu yeməklərə üstünlük verilməlidir. Suplara yağ-soğan, tomat, pomidor qatılmaması məsləhət görülür. Suplar ət-toyuğun bulyonunda bişirilməlidir. Ətin və toyuğun birinci bulyonu atılmalıdır, ikinci bulyonunda bişirilməlidir. Çox kəskin şiakyətlər yoxdursa, zeytun yağından azacıq istifadə edilə bilər".