BAKI, 18 mart — Sputnik. Cəzaçəkmə müəssisələri insanların törətdikləri cinayətlərin fərqinə varıb, peşman olmaları üçün bir məkandır. Azadlıqdan məhrum edilirsən, heç bir yerə gedə bilmirsən, yaxınlarını ancaq müəyyən zamanlarda, ancaq icazə ilə görə bilirsən, hər gün gördüyün isə ancaq müəssisənin divarları olur…
Sputnik Azərbaycan 4 saylı cəzaçəkmə müəssisəsində cəzalarını çəkən qadınlardan bir neçəsinin etirafını sizə çatdırır.
"Nəvəm elə bilir ki, sırğa almağa getmişəm"
Leyla Ramazanova 3 il həbs cəzasını çəkdikdən sonra azadlığa buraxılıb. Qadın deyir ki, ilk işi rayona gedib balaca nəvəsi Ayşəni bağrına basmaq olacaq.
"Cinayət işi üzrə məhkəmlər uzun müddət davam etdi. Düşünürdüm ki, yaşlı qadınam, məni həbs etməzlər. Sonuncu dəfə də məhkəmə prosesinə getdim. Balaca nəvəm Ayşə elə bilirdi ki, Bakıya gəlirəm. Evdən çıxanda boynumu qucaqladı. Dedi ki, "nənə, gələndə mənə qızıl sırğa alarsan". Onu çox istəyirəm. Öpdüm, bağrıma basdım, dedim ki, alaram" — L. Ramazanova bildirir.
Məhkum qadın danışır ki, son proses zamanı onu elə məhkəmə zalındaca həbs edib, cəzaçəkmə müəssisəsinə göndəriblər. Və o vaxtdan nəvəsini görməyib: "237-ci maddə ilə ittiham olunmuşam. Narkotik bitki əkmişdim, amma şitillər balaca idi, böyüməmişdi. Yaxşı ki, məni şitillər böyüməmiş həbs etdilər. Yoxsa mən daha çox insanı zəhərləyə bilərdim".
"O vaxtlar düşünmürdüm, amma indi peşmanam. Bundan sonra nə özüm belə addım ataram, nə də kimisə belə addım atmağa qoyaram. Bundan sonrakı həyatımı nəvəmi böyütməyə həsr edəcəm" — qadın əlavə edir.
"Razboy"a görə 7 il həbs
Əfsanənin 27 yaşı var. 4 uşaq anası olan qadın 3 ildən çoxdur ki, övladlarını görmür: "Mən "razboy"a (quldurluq — red.) görə həbs edilmişəm. Əslində, özüm iştirakçı deyiləm, bilib xəbər verməməyə görə həbs edilmişəm. 4 uşağım var. Bəzən gecələr uşaqlarımı düşünürəm, axı bura mənim yerim deyildi".
Çox kiçik yaşlarda ailə həyatı quran Əfsanənin dediyinə görə, 1 oğlu və 3 qızı var. Ancaq yoldaşı uşaqlarını onunla görüşməyə gətirmir: "Ailəmdən xəbərim yoxdur. Mən həbs ediləndən sonra bütün əlaqələrim kəsilib. Məni görməyə də gəlmirlər. Əməlimdən peşmanam. Amma nə edim? Sonrakı peşmançılıq fayda vermir".
15 il ailədən ayrı
Rapiyət 15 il həbs cəzasına məhkum edilib. Evli olduğunu deyən qadın, illərinin çox hissəsini həbsdə keçirsə də, gələcəyə ümidlidir. Düşünür ki, azadlığa çıxdıqdan sonra işləyəcək və ailəsini bir yerə yığmağa çalışacaq.
4 saylı cəzaçəkmə müəssisəsində müxtəlif cinayətlər törədən, azadlığa çıxacağı günü gözləyən yüzlərlə qadın var. Hər birinin də öz etirafı. Ancaq tanınmaq, görünmək, bilinmək istəmirlər…