BAKI, 18 mart — Sputnik. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə 55 gün qaldığı vaxtda – martın 18-də Oyunların ilk biletləri Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim olunub.
Sputnik Azərbaycan xəbər verir ki, biletlər Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə Bakıda keçirilən ümumxalq yürüşündə təqdim edilib.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına biletlərin ümumi satışına martın 19-da (bazar günü) start veriləcək. Bu münasibətlə “Gənclik Mall”da idmançı və ulduz səfirlərin — İlham Zəkiyev, Fəridə Əzizova, Tünzalə Ağayeva, Hacı Nuranın və “Bakı-2017”nin talismanları “İncə” və “Cəsur”un iştirakı ilə xüsusi tədbir keçiriləcək. Tədbirdə tamaşaçılar idman sessiyaları və konsert proqramlarına qoşulmaq üçün müxtəlif müsabiqələrə qatılaraq bilet qazanmaq imkanı əldə edəcəklər.
Oyunlarla əlaqədar satışa 500 min bilet çıxarılacaq. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında azarkeşlər idmanın 20 növü üzrə 170 idman sessiyasını izləmək imkanı əldə edəcəklər. Bütün idman sessiyaları üçün biletlərin qiyməti 2-5 manat arasında dəyişir.