İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 18 mart — Sputnik. “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı — 2017” beynəlxalq layihəsinin rəsmi açılışı baş tutub. Sputnik Azərbaycan-ın qərb bürosunun məlumatına görə, ilk olaraq tədbir iştirakçıları tərəfindən Heydər Əliyevin abidəsinin önünə gül çələngləri qoyulub. Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində yaradılmış şəraitlə tanış olub.
Sonra “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı — 2017” beynəlxalq layihəsinin rəsmi açılışı keçirilib. Açılış mərasimi Azərbaycan himninin səsləndirilməsilə başlayıb. İlk olaraq tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları qədim Nizami yurdu Gəncə şəhərində görməkdən məmnun olduğunu bildirib. Sonra söz Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoya verilib. Gəncənin SSSR-i vaxtı əsasən sənaye mərkəzi kimi tanınmasına baxmayaraq, şəhərin tarixi, elm və incəsənətinin daim inkişaf etdiyini bildirən rəsmi qonaq bu şəhərin dünyaya Nizami Gəncəvi kimi dahi şəxsiyyət bəxş etdiyini deyərək, elə bu göstəricinin şəhərin mədəniyyət paytaxtı olmasına kifayət etdiyini bildirib.
MDB-nin İcraiyyə Komitəsinin Humanitar əməkdaşlıq, ümumsiyasi və sosial problemlər Departamentinin direktor müavini Amoncan Eşankulov da tədbirdə çıxış edərək öz təbriklərini çatdırıb, 2011-ci ildən hər il müxtəlif şəhərlərin bu statusu əldə etdiyini, lakin Gəncənin bu adı daha layiqli şəkildə daşıyacağına inandığını bildirib.
Daha sonra Mixail Şvıdkoy Gəncə şəhərinin 2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı elan olunması sertifikatını Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə təqdim edib.
Tədbir çərçivəsində 2016-cı ildə idman sahəsində əldə etdiyi uğurlara görə bir qrup idmançı təltif olunub, hədiyyələr verilib.
Layihənin açılış mərasimindən sonra qonaqlar Novruz bayramı münasibəti ilə Heydər Əliyev Park Kompleksində təşkil olunmuş ümumşəhər tədbirində iştirak ediblər.
Günün ikinci yarısında isə Heydər Əliyev Parkında “Gəncə MDB-nin Paytaxtı — 2017” beynəlxalq layihənin rəsmi açılışı və Novruz bayramına həsr olunmuş konsert proqramı keçirilib. Konsertdə yerli mədəniyyət nümayəndələri və ölkənin tanınmış müğənniləri iştirak ediblər.