BAKI, 17 mart — Sputnik. "Dövlət İmtahan Mərkəzi mart ayında ümumtəhsil müəssisələrində buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak etməyənlər və ya eksternat qaydasında yekun qiymətlənmədə iştirak edən şəxslər, o cümlədən orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün aprel ayında imtahan keçiriləcək". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri bu gün keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
M.Abbaszadənin sözlərinə görə, imtahanın birinci mərhələsində şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədilə açıq tipli tapşırıqlardan, yazı işlərindən istifadə edilir.
O, çıxışı zamanı bildirib ki, sabah ölkədə keçiriləcək buraxılış imtahanlarında təkcə test sualları yox, yeni növ tapşırıqlar, misallar təqdim olunub.
"Valideynlər və ictimaiyyət nümayəndələri bizə suallar verirlər və məlum olur ki, onlar üçün bu imtahanın məzmunu ilə bağlı çox şey qeyri-müəyyəndir. Bu imtahanlarda açıq suallarla bağlı yanaşmaları cəmiyyət qəbul etməyib. İmtahanların yoxlanması üçün 2 mindən çox insan cəlb ediləcək. DİM ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır. İctimai Şuranın üzvləri DİM-in Direktorlar Şurası tərəfindən formalaşdırılacaq".
Jurnalistlərin suallarına cavab verən M.Abbaszadə qeyd edib ki, dövlətdən alınacaq vəsaitin köçürülməsi üçün öncə ərizələrin qəbul sayı dəqiqləşdirilməlidir, daha sonra bu haqda hər hansı bir məlumat vermək olar: "9-cu siniflər üzrə orta ixtisas təhsili müəssisələrinə 519 nəfər sənəd verib. İmtahanda dövlət büdcəsi hesabına iştirak edəcək şəxslərdən 113-ü bu ilin məzunları, 92 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Yalnız 18 nəfər öz hesabına imtahanda iştirak edir".
M.Abbaszadə keçirilən imtahanların keyfiyyətindən də danışıb: “Lakin gələn ildən necə və nə qədər vəsaitin daxil olacağını bildikdə, biz imtahanın aparılma şəraitini və keyfiyyətini də yaxşılaşdıra biləcəyik. Keyfiyyət dedikdə hər bir stolun arxasında bir abituriyentin oturmasını nəzərdə tuturam. Lakin bu daha çox pul və auditoriya tələb edir. Bu istiqamətdə işlər aparmağı planlaşdırırıq".
DİM DŞ-nin sədri Tarif Şurası tərəfindən təsdiqlənmiş imtahan qiymətləri ilə bağlı verilən suala belə aydınlıq gətirib: "Biz Tarif Şurasına bir neçə layihə təqdim etmişdik. Təsdiqlənmiş qiymətlər də bizim verdiyimiz layihələr arasında var idi".