BAKI, 17 mart — Sputnik. Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncamla 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən müxtəlif cəzalardan azad edilib. Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq verilib.
Bu gün Prezidentin sərəncamı ilə əfv edilən şəxslər azadlığa buraxıldı.Qeyd edək ki, 4 saylı Cəzaçəkmə müəssisəsindən 14 nəfər qadına əvf şamil olunub. Penitensiar Xidmətin sədr müavini Hüseyn Əlixanov əfvlə bağlı keçirilən tədbirdəki çıxışı zamanı xatırladıb ki, bu sərəncam ən çox məhkumun əfv edildiyi sərəncamdır.
“Bu prezident tərəfindən atılmış humanist bir addımdır. Siz də çalışın ki, azadlıqda olanda azadlığın qədrini bilin. Məhkum olandan sonra azadlığın qədrini bilmək mənasızdır. Cinayət törətməyin, prezidentin sizə göstərdiyi etimadı doğrultmağa çalışın” – deyə Əlixanov bildirib.
Tədbirdə ombudsman Elmira Süleymanova da çıxış edərək əfv olunmuş məhkumları təbrik edib: “Bu günə qədər 61 əfv sərəncamı imzalanıb. Bu 62-ci sərəncamdır. Bu, sizin üçün yeni bir şans, həyata yenidən atılma imkanıdır. Buradan çıxandan sonra hər bir kəsə yol göstərin ki, tanıdıqlaırnızın yolu buradan keçməsin”.
Tədbirdə qeyd edilib ki, əvf olunan şəxslərdən 49-u xarici ölkə vətəndaşı, 17-si isə qadındır.
Daha sonra əfv şamil olunan qadınlara azadlıq haqqında sənəd təqdim edildi.
4 saylı Cəzaçəkmə müəssisəsindən azadlığa çıxan Süleymanova Vüsalə bildirib ki, ailə-məişət münaqişəsi zəminində törətdiyi cinayətə görə azadlıqdan məhrum edilib: “2010-cu ildə həbs olunmuşdum, sağ olsun prezidentimiz, məni əfv etdi. Allah da məni bağışlasın”.
Azadlığa çıxan digər məhkum Mustafayeva Arzu Şura qızı 1994-cü ildə anadan olub. Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2015-ci il 12 yanvar tarixli hökmü ilə məhkum edilib: “Oğurluq üstündə həbs edilmişdim. Düşünmürdüm ki, azadlığa çıxa bilərəm. Bu, mənim üçün çox böyük sürpriz oldu. Prezidentimizə çox minnətdaram”.
1998-ci təvəllüdlü Şıxıyeva Nərminə Ağasəf qızı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 29 oktyabr tarixli hökmü ilə məhkum edilib: “2 il 11 aydır ki, burdayam. Bu gün azadlığa çıxıram. O qədər xoşbəxtəm ki. 120-ci maddə ilə ittiham edilmişdim. Prezidentimizə minnətdaram”.
Khamrayeva Muyiba Murodovna, 1968-ci ildə anadan olub. Özbəkistan Respublikasının vətəndaşı olan Muyiba Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin 2009-cu il 17 dekabr tarixli hökmü ilə azadlıqdan məhrum edilib. Bu gün o da əfv edilənlər sırasındadır. Azadlığa çıxdığına görə, Azərbaycan prezidentinə minnətdarlıq edən Muyiba öz vətəninə qayıtmaq niyyətindədir.
Azadlığa çıxan şəxsləri həbsxananın qapısında yaxınları, qohumları qarşılamağa gəlmişdi. İsgəndərova Nazilə deyir ki, qızı bu gün azadlığına qovuşur: “Qızımın 37 yaşı var. İşdən çıxanda, axşam “28 May” metrosunda buna sataşıblar. Qolundan tutublar, qızım nə qədər onun əlindən çıxmağa çalışsa da, bacarmayıb. Çantasından dırnaqtutanın bıçağı ilə o şəxsə xəsarət yetirib. Prezident sağ olsun ki, qızımın günahkar olmadığını bilib, onu əfv edib”.
1 saylı Cəzaçəkmə müəssisəsindən 7 məhkum əfvə düşüb. Müəssisədə cəza çəkən 82 yaşlı Səməd Qasımov əfv olunduğu üçün prezidentə minnətdarlığını bildirib.
6 saylı cəzaçəkmə müəssisəsindən isə 51 məhkum azadlığa çıxıb. Penitensiar Xidmətin rəis müavini Hüseyin Əlixanov məhbuslara azadlıq haqqında sənədi təqdim etdikdən sonra onlara bir də cəzaçəkmə müəssisələrinə düşməməyi arzulayıb.
Penitensiar Xidmətin Müalicə Müəssisəsində bu gün 12 məhkum sevindi. Əlixanov buradakı məhbuslarla görüşüb onlara azadlıq haqqında sənədi təqdim edib və məhbusların ürək sözlərini dinləyib.
Müəssisənin ən yaşlı məhbusu — 1947-ci il təvəllüdlü Növrəstə Rzayeva deyib ki, o, ürək xəstəsi olduğunu bu müəssisədə bilib: “Prezidentimiz sağ olsun. Onun sayəsində həm müalicə olundum, həm də cəzamın qalan hissəsini bağışladı”.
Bu gün Azərbaycan həbsxanalarındakı yüzlərlə insan azadlığa çıxacağı günü səbirsizliklə gözləyir. Bəziləri bilərəkdən ora düşüblər, bəziləri isə təsadüfi cinayətlərin qurbanı olublar. Bəzi məhbusları qapıda səbrsizliklə gözləyənlər də var idi, heç kimsəsi olmayan, təkbaşına azadlığa çıxıb gözü yolda olanlar da. Ümid edirik ki, onların yolu bir də cəzaçəkmə müəssisələrindən düşməyəcək.