CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalqa xidmət: Bakıda ağacların kütləvi kəsilməsindən rəsmi qurumların xəbəri varmış

© Sputnik / Irade JELILAğac
Ağac - Sputnik Azərbaycan
Abunə olmaq
Habil Əhmədov: "Bizə rəsmi olaraq hansısa sənəd gəlməsə də, amma bilirik ki, həmin ərazidə dövlətin bir pilot layihəsi həyata keçiriləcək"

BAKI, 16 mart — Sputnik. Ötən gün Yasamal rayonu Əhməd Cəmil küçəsi 25, 27, 29 saylı binaların sakinlərinin şikayətləri ilə bağlı məlumat vermişdik. Sakinlər ərazidə ağacların "cavanlaşdırılma" adı ilə kəsilməsindən narahat olduqlarını bildirərək, ərazidə çoxmərtəbəli yaşayış binasının tikiləcəyinə etiraz etdiklərini dilə gətirmişdilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) isə Sputnik Azərbaycan-a məlumat verilmişdi ki, ərazidə ağaclar Yasamal Rayon Bələdiyyəsinin məktubu əsasında, ekspertiza rəylərindən sonra kəsilib.

Yasamal rayonu Əhməd Cəmil küçəsindəki 25, 27 və 29 saylı binaların həyətində kəsilmiş ağaclar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda ağacların "soyqırımı": gecə ilə böyük bir yaşıllığı məhv etdilər

Bu gün məsələ ilə bağlı Yasamal Rayon Bələdiyyəsinin sədr müavini Habil Əhmədov Sputnik Azərbaycan-a bildirib ki, bələdiyyə məktubla Bakı Şəhər Yaşıllaşdırma İdarəsinə müraciət edərək, Əhməd Cəmil küçəsi 25, 27, 29 saylı binalarının həyətində həqiqətən qəzalı vəziyyətdə olan ağacların budanmasına və köçürülməsinə qərar verməsini xahiş edib: "Həmin idarə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək, onların ekspertiza rəyini aldıqdan sonra bizi də dəvət elədilər ki, sizin məktubunuz əsasənda bu qədər ağac kəsilir, budanır, köçürülür".

H. Əhmədov bildirir ki, götürülən ağaclar həqiqətən qəzalı vəziyyətdə olub: "Su anbarının yanında olan ağaclar isə anbarın çox yaxınlığında olduğu üçün çoxdan götürülməli idi. Həmin ağaclar anbarın divarlarına zədə vura bilərdi. Yəni qısacası, ərazidə ağac kəsimi qanunsuz həyata keçirilməyib".

© Sputnik / Irade JELILƏrazidə dövlətin bir pilot layihəsi həyata keçiriləcək
Ərazidə dövlətin bir pilot layihəsi həyata keçiriləcək - Sputnik Azərbaycan
Ərazidə dövlətin bir pilot layihəsi həyata keçiriləcək

"O ki, qaldı sakinlərin "bizim başımı aldadırlar" ifadəsinə, kimsə bizim dövlətdə kiminsə başını aldada bilməz. Dövlətimiz də nə edirsə, insanların rifahını yüksəltmək üçün edir. Bildiyiniz kimi, ərazidə 3 ədəd fin tipli ev var. Həmin evlərin 100-dən çox yaşı var. Evlər çox qəzalı vəziyyətdədir. Bizə rəsmi olaraq hansısa sənəd gəlməsə də, amma bilirik ki, həmin ərazidə dövlətin bir pilot layihəsi həyata keçiriləcək. Orada 3 qəzalı binanın yerində yeni bir bina inşa ediləcək" — sədr müavini qeyd edib.

Onun dediyinə görə, qəzalı binaların sakinləri isə bina tikiləndən sonra həmin yeni binada yerləşdiriləcəklər: "O fin evlərində yaşayan insanların sevincinin həddi-hüdudu yoxdur. Mən orada olanda sakinlərə izah etdim ki, hər hansı pilot layihə ilə bağlı bina tikilərsə, həmin binanın icazəsi 15-20 qurumdan keçərək reallaşdırılır. Yəni aidiyyəti qurumlar buna rəy, razılıq verir. Ondan sona bina tikilir. Hər halda o razılığı verən qurumların rəhbərləri və əməkdşaları işlərini bilirlər".

H. Əhmədov ərazidə yeni bina tikilərsə, uşaqların oynaması üçün yer olmayacağı ilə bağlı narahatçılığa belə cavab verib: "Oradakı binalar 30 ildən çoxdur tikilib. Bu qədər müddəti uşaqlar harda oynayıblar? Bu günə qədər harda oynayıblarsa, orada da oynayacaqlar. Uşaqların hal-hazırda oynadığı yerdə bina tikilmir, bina tikilsə, fin evlərinin yerində tikiləcək".

Tikiləcək binaların sayına gəldikdə isə sədr müavini bildirdi ki, layihə pilot layihədir və hələ bu barədə məlumat yoxdur: "Amma hər bir halda ərazidə şəhərin müasir zövqünə oxşar, müasir parametrlərə uyğun bina tikiləcək".

© Sputnik / Irade JELILBəzi ağaclar budanıb, bəzilərini köçürüblər. Qovaq ağacları kimə lazımdır?
Bəzi ağaclar budanıb, bəzilərini köçürüblər. Qovaq ağacları kimə lazımdır? - Sputnik Azərbaycan
Bəzi ağaclar budanıb, bəzilərini köçürüblər. Qovaq ağacları kimə lazımdır?

Yasamal Rayon Bələdiyyəsinin sədri Zakir Cəfərovla mövzu ətrafında həmsöhbət olduq. O, sözügedən tikintinin dövlət layihəsi olduğunu bildirdi: "Bəzi ağaclar budanıb, bəzilərini köçürüblər. Qovaq ağacları kimə lazımdır? Onlar təhlükəli vəziyyətdə idi. Külək əsəndə nə qədər avtomobillərin, elektrik dirəklərinin üzərinə düşüb. Biz neçəsini müraciət edib kəsdirmişik. Nə etməliyik? İşimiz budur. Xalqa xidmət etməliyik".

Problemlə əlaqədar müraciət etdiyimiz Yasamal rayon İcra Hakimiyyətindən bizi Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə yönləndirdilər. Adıçəkilən qurumdan verilən məlumata görə, binaların tikilməsi ilə Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi məşğul olmur: "Binalar Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə tikilir. Bu barədə rayon İcra Hakimiyyətinin başçıları xəbərdar edilir və şöbələrə tapşırıq verilir".

Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.

© © KarikaturaHeç bir şey bilmirik, heç nə eşitməmişik
Heç bir şey bilmirik, heç nə eşitməmişik - Sputnik Azərbaycan
Heç bir şey bilmirik, heç nə eşitməmişik

Sorğumuza cavab verən məmurların xalqa xidmət etdiyini yaxşı bilirik: əsas insanların rahatlığıdır. Elə Yasamal rayon Bələdiyyəsinin sədr müavini Habil Əhmədov da fin evlərində yaşayan insanların sevincinin həddi-hüdudunun olmadığını bildirir. Maraqlıdır, fin evlərində yaşayan bir neçə ailənin rahatlığını güdən dövlət qurumları, bu rahatlığın mindən çox insanın yaşadığı üç doqquzmərtəbəli binanın sakinlərinə hansı narahatlığı yaradacağını düşünübmü? Birmərtəbəli fin evlərinin sakinlərinin sayı ilə yeni tikiləcək "pilot-göydələndə" yaşayanların da sayı eyni olmayacaq və bu halda istehza ilə "uşaqlar əvvəl harada oynayırdı" sualını verən məmur da verdiyi bu sualın cavabını bilməmiş deyil. Uşaqların sayına onsuz da həyətdə sıxlıq yaradan maşınların da sayını əlavə etsək, bələdiyyə sədrinin sualına bir daha cavab vermiş oluruq.

Bir də o maraqlıdır ki, bu "pilotun" uçuşuna xeyir-dua verən 15-20 dövlət qurumunun nümayəndələri o həyətdə olublarmı və "dobro" verdikləri layihənin orada yaşayanlara necə narahatçılıq verəcəyini, ən azı evlərinin gün işığını kəsəcəyini düşünüblərmi?

Əhməd Cəmil küçəsini tərk edərək, "Elmlər Akademiyası" metrosuna tərəf addımlayan zaman, inşaatçı olmasaq da, gördüyümüz mənzərə yeni bir sual yaratdı: Köhnə doqquzmərtəbələrlə üzbəüz "gecəqondu" məhəlləsi ola-ola, dövlət qurumları indidən camaat tərəfindən xeyir-dua əvəzinə qarğış qazanan "pilotu" o evlərin yerində tikə bilməzdimi? Niyə "pilotu" o dar həyətə salırdılar? Fin evlərinin sakinlərini köçürüb, yerində park salmaq, üzbəüz "gecəqonduları" köçürüb, yerində "pilot" binalar tikmək — bax bu olardı əsl xalq xeyir-duası, alqışı ilə ərsəyə gələn XALQA XİDMƏT.

Xəbər lenti
0