BAKI, 15 mart — Sputnik. "Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində 700-ə qədər təhsil müəssisəsi dağıdılıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında təhsil naziri Mikayıl Cabbarov deyib. Naziri bildirib ki, atəşkəs dövründə də ermənilər atəşkəsi pozurlar: "Bu, həm də təhsil müəssisələrinin hədəfə alınmasıdır. Ermənistan münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün təşəbbüsləri əngəlləyir".
M. Cabbarovun sözlərinə görə, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan qaçqın və məcburi köçkün tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilir: "Son 12 ildə məktəblərin 70 faizi təmir olunub və yeniləri inşa edilib. Cocuq Mərcanlı kəndində yaşayış evləri ilə yanaşı məktəb binasının inşasına da başlanılıb".