BAKI, 14 mart — Sputnik. Gənclər və İdman Nazirliyində Eyndhoven şəhərində keçirilən “Dutch Open” yarışında uğur qazanan taekvondoçular, eyni zamanda Bakı şəhərində keçirilən “Böyük Dəbilqə”də medal qazanan cüdo üzrə milli komandanın üzvləri ilə görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbiri Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov giriş sözü ilə açıb.
O, keçirilən yarışlarda qazanılan medalları idmanımızın uğuru adlandırıb və İslam Həmrəyliyi Oyunlarında idmançılara uğurlar arzulayıb.
Taekvondo üzrə kişilərdən ibarət millinin böyük məşqçisi Rəşad Əhmədov komandamızın 10 medal qazanmasını uğurlu nəticə olduğunu dilə gətirib. Onun sözlərinə görə, hər şey İslam Həmrəyliyi Oyunlarında qazanılacaq uğurlara hesablanıb: “İslam Həmrəyliyi Oyunlarında da xalqımızı sevindirməyə çalışacağıq".
Qadın taekvondoçulardan ibarət komandanın baş məşqçisi Elnur Amanov çıxışı zamanı qeyd edib ki, yığma ilk sınağından Türkiyədə keçib: “Bu yarışdan sonra 4 idmançını komandadan uzaqlaşdırmalı oldum. Hollandiyada 2 medal qazandıq. Komanda ilə işləyirik və inanırıq ki, qarşıdakı yarışlarda daha uğurlu çıxış edəcəyik".
Daha sonra cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Fərhad Məmmədov çıxış edib. Baş məşqçi komandamızın ötən ilə nisbətən daha yaxşı çıxış etdiyini dilə gətirib: “1 qızıl, 2 gümüş və 4 bürünc medal qazandıq. Əsas məqsədimiz İslam Həmrəyliyi Oyunlarıdır. Ümid edirik ki, orda da inamlı qələbələr qazanacağıq”.
F. Məmmədov bildirib ki, 73 kq-da Rüstəm Orucovla Hidayət Heydərovun çəki dərəcəsini dəyişdirməsi gündəmdə deyil: “Əksinə, milli yığmada eyni çəkidə iki güclü idmançının olması rəqabəti artırır”.
Qeyd edək ki, G1 kateqoriyalı “Dutch Open”də təmsilçilərimizdən Xanoğlan Kərimov (45 kq), Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq), Ramin Əzizov (87 kq), Radik İsaev (+87 kq), Fəridə Əzizova (67 kq) qızıl, Ayaz Qənbərli (51 kq), Darya Şkurko (62 kq) gümüş, Ayxan Tağızadə (68 kq) və Cavad Ağayev (63 kq) bürünc medal qazanıblar.
“Böyük Dəbilqə”də isə Rüfət İsmayılov (81 kq) çempion olduğu halda, Məmmədəli Mehdiyevlə (90 kq) Elmar Qasımov (100 kq) ikinici, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Elxan Məmmədov (100 kq) və Xanım Hüseynova (63 kq) üçüncü yeri tutub.