BAKI, 14 mart-Sputnik. Azərbaycan Baş Prokurorluğu bir sıra KİV-ə xəbərdarlıq edib.
Sputnik Azərbaycan-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluqda aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, son günlər bəzi KİV-də, o cümlədən criminal.az, xeberinfo.com və azpolitika.info internet saytlarında Müdafiə Nazirliyi tərəfindən hər hansı rəsmi açıqlama verilmədiyi halda "Əsgərin intihar etdiyi bildirilir — Bədənində çoxlu yara izləri vardı", "Daha bir əsgər ölümü" və "Daha bir əsgər ölümü — İntihar, yoxsa?.." başlıqlı məqalələrdə yer alıb.
Bu məqalələrdə Azərbaycan Respublikası ərazisində qanunsuz fəaliyyət göstərən "Meydan TV"yə istinadən sensasiya naminə məlumatlar dərc edilib.
"Ötən dövr ərzində kütləvi informasiya vasitələrinə hərbi və müdafiə məsələləri ilə bağlı məlumatların rəsmi qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirildikdən sonra yayılması tövsiyə edilməsinə baxmayaraq, bundan heç bir nəticə çıxarmadan yuxarıda qeyd edilən internet saytları ölkə qanunvericiliyini kobud surətdə pozmaqla informasiyalar dərc ediblər." — deyə Prokurorluğun məlumatında bildirilir.
Qeyd edilir ki, bununla əlaqədar olaraq sözügedən internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilib.
"Prokurorluq haqqında" qanunun tələblərinə müvafiq olaraq onlardan rəhbərlik etdikləri internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilib.
Gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə, barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə onlara rəsmi xəbərdar edilib.