BAKI, 14 apr — Sputnik. "Femida.az" internet saytının adından və elektron poçt ünvanından sui-istifadə etməsi ilə bağlı "Femida-007" qəzeti barəsində qanunamüvafiq tədbir görülməsinə dair həmin saytdan daxil olmuş müraciət Baş Prokurorluqda araşdırılıb. Bu barədə Sputnik-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalar nəticəsində "Femida-007" qəzetinin rəhbərliyi tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildiyindən qəzetin baş redaktoru Baş Prokurorluğa dəvət edilərək ona "Prokurorluq haqqında" Qanunun 22-ci maddəsinə müvafiq qaydada yol verdiyi qanun pozuntusunun aradan qaldırılmayacağı təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbir görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.