BAKI, 12 mart — Sputnik. Region üçün həftənin ən önəmli hadisəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin görüşü oldu. Ərdoğan Rusiya-Turkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Azərbaycan-Türkiyə-Rusiya İttifaqının yaradılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını geniş müzakirə etdiklərini açıqladı.
"Görüşlərdə Qara dəniz iqtisadi əməkdaşlığı mövzusu üzərində, xüsusi ilə Azərbaycan-Rusiya-Türkiyə üçtərəli əməkdaşlığı mexanizmləri üzərində həssaslıqla dayandıq. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə də fikir mübadiləsi apardıq. Buradakı problemləri aşmaq nöqtəsində təbii ki, Rusiyanın üzərindəki yükün ağırlığını bildiririk" — deyə Ərdoğan bildirib.
Əslində, Ərdoğan-Putin görüşü yeni strategiyadan xəbər verir. Görünən budur ki, Türkiyə Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyada söz sahibi olmaq istəyir. Lakin onu siyasi-ideoloji aspektdən çox, iqtisadi faktor maraqlandırır. Türkiyəli analitiklər Rusiya ilə mübarizə aparmaq iddiasında və rəqib olmadıqlarını vurğulayırlar. Bir sözlə, Ankara geosiyasi gücə qarşı iqtisadi amili qabardır, siyasəti arxa plana keçirir.
Məsələn, Türkiyə ABŞ ilə strateji tərəfdaşdır, lakin Rusiya ilə də sıx əməkdaşlığa başlayır, Çinlə iqtisadi əlaqələri sürətlə inkişaf etdirir, İrandan neft və qaz alır. Ankara iqtisadi amili daha önəmli hesab edir. Proseslərin bu baxımdan təhlili onu deməyə əsas verir ki, Rusiya — Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycanın da maraqlarına cavab vermir. Rəsmi Bakı Rusiya — Türkiyə gərginliyində neytral mövqe nümayiş etdirir. Buna baxmayaraq, Türkiyə Azərbaycanın strateji müttəfiqidir.
Rusiya — Türkiyə münasibətlərinin gərginləşməsi Ermənistanın maraqlarına xidmət edir. İrəvan Rusiya — Türkiyə münasibətlərinin gərginləşməsindən "erməni soyqrımı"nın tanınması məsələsində istifadə edir. Digər tərəfdən, İrəvan hesab edir ki, Rusiya — Türkiyə münasibətlərinin gərginliyi Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın maraqlarını nəzərə almamasına səbəb ola bilər.
Ümumiyyətlə, Moskva — Ankara münasibətlərinin gərginləşməsi fonunda "Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə İrəvana təsir edəcək" versiyası da önəmini itirir. Erməni politoloqlar hesab edirlər ki, Azərbaycan Türkiyənin müttəfiqi olduğundan Kreml Ankaranın müttəfiqinin ərazi problemini həll etməkdə maraqlı olmaya bilər. Ancaq bu amil Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək hüququndan istifadə imkanlarını məhdudlaşdırmır.
Onu da vurğulayaq ki, Türkiyə Avrasiya məkanında aparıcı dövlətlərdən biri olmağa çalışır. Bu baxımdan, Ankara Qarabağ və Azərbaycan məsələsində Rusiya ilə ortaq mövqe formalaşdırmağa can atır. Rusiya üçün də Türkiyə ilə əməkdaşlıq çox önəmlidir. Türkiyə bütün İslam dünyasında Rusiyanın müsbət imicinin formalaşmasına yardım edə bilər. Rusiyanın ərazisində milyonlarla türk-müsəlman yaşayır. Ankaranın Şimali Qafqazın müsəlman əhalisinə təsir imkanları da məlumdur.
Rəsmi Ankara üçün Azərbaycan faktorunun ayrıca əhəmiyyəti var. Türkiyə Ermənistanla münasibətlərini Azərbaycanın maraqlarını nəzərə alaraq qurmaq zorundadır. Türkiyə və Azərbaycan ilk növbədə cəmiyyət olaraq biri-birlərinə çox yaxındır. Ona görə də Türkiyə Cənubi Qafqaz və daha böyük miqyasda postsovet məkanı siyasətində Azərbaycanı ilk sıraya qoyur.
Azərbaycanla Türkiyə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirir. Azərbaycan Türkiyə üçün Cənubi Qafqazda ən vacib ölkədir. Türkiyənin Mərkəzi Asiyaya çıxışında Azərbaycan böyük rol oynayır. Türkiyə xarici siyasəti bu məqamı ciddi nəzərə alır. Eyni zamanda, Azərbaycan Rusiya-Türkiyə əməkdaşlığının inkişaf etməsinə müsbət yanaşır. Azərbaycanın hər iki böyük dövlətlə yaxşı münasibətlər qurması bütövlükdə Cənubi Qafqazda sülhün bərqərar olmasına və qarşılıqlı etimadın yüksəlməsinə ciddi təsir edir.
Bütün bunlara görə, Cənubi Qafqazda Türkiyə ilə Rusiya arasında ciddi ixtilafın yaranması ehtimalı yüksək görünmür. Bir sözlə, bölgənin iki mühüm oyunçusu olan Rusiya və Türkiyə liderləri arasında keçirilən hər görüş Azərbaycan cəmiyyətinin maraqları baxımından önəmlidir. Moskva və Ankaranın qəbul edəcəyi qərarlar Azərbaycana təsir etməyə bilməz. Bakı hər iki ölkə üçün bir açar yolunu oynayır. Bu amil Azərbaycanın önəmini artırır…