BAKI, 1 mart — Sputnik. Son zamanlar dünyada cərəyan edən proseslər "təkqütblü dünya" ideyasına zərbələr endirir. Görünən budur ki, dünyada tamamilə yeni dəngələr yaranır. Bölgənin əsas oyunçuları olan Türkiyə və Rusiya "Avrasiyaçılıq modeli"ni işə salır. Qərb isə Yaxın Şərqdə sünni-şiə qarşıdurmasını dərinləşdirməklə məşğuldur.
Artıq "Vəhşi Qərb" sindromunun yaşana biləcəyi də istisna deyil. Silahlar işə düşəcəksə, bölgədə sabitlik yaratmaq imkansız olacaq. Avroatlantik məkana inteqrasiya tərəfdarı olanların vəziyyəti elə də ürəkaçan görünmür. Qərb isə hələ də susqunluq nümayiş etdirir.
Azərbaycanın maraqları bölgədə sülhün bərqərar olmasını tələb edir. Əgər bölgədə Səudiyyənin, İranın, Türkiyənin, ABŞ-ın, Rusiyanın və digər ölkələrin daxil olduğu savaş başlayacaqsa, Azərbaycan üçün də ürəkaçan olmayacaq.
Son 30 ildə Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən, qonşularının təhdidlərindən, ABŞ-ın ikili stantdlartlarından təngə gəlib. Bu fonda Türkiyə də müstəqil siyasət apara bilməyib. Ankaranın Azərbaycana münasibəti Vaşinqtonun çıxaracağı hökmdən asılı olub.
Artıq Qarabağ probleminə Qərbin münasibətində ciddi korrektələr etmək zamanının çatdığını bəyan edə bilərik. Unutmaq lazım deyil ki, Qarabağla bağlı yanlış mövqe nəticəsində məğlub olan Qərb dəyərlərinin özüdür və artıq ictimai rəydə Qərbə münasibətdə radikallığın əsas elementə çevriləcəyini ehtimal edə bilərik.
Ölkəmiz müstəqilliyini elan edəndə çoxları belə düşünürdü ki, öz neftini Rusiyadan yan keçməklə Qərbə nəql edən Bakı, Qarabağ məsələsində dünyanın böyük dövlətlərinin dəstəyini qazana və münaqişənin ölkənin ərazi bütövlüyü çərçivəsində həllinə nail ola bilər. Bu, romantik nəticə deyildi. Belə təhlillər aparmaq üçün arqumentlər kifayət qədər ciddi idi.
ABŞ başda olmaqla, nüfuzlu Qərb dövlətləri enerji ehtiyatları ilə zəngin Xəzər bölgəsində möhkəmlənməyə çalışırdı. Bu məsələdə Azərbaycan önəmli oyunçu idi və qonşularının güclü təzyiqlərinə baxmayaraq enerji ehtiyatlarının alternativ marşrutlarla dünya bazarlarına çıxarılması üçün ciddi addımlar atırdı.
Məhz belə bir vaxtda Qərbin güclü dəstəyi sayəsində Bakı-Tiflis-Ceyhan kəməri layihəsi razılaşdırıldı. Lakin bölgədə daha da möhkəmlənmək üçün təkcə enerji layihələri kifayət etmirdi və Dağlıq Qarabağ münaqişəsi kimi kifayət qədər geniş bölgəni qarışdıra biləcək təhlükəli münaqişənin də həlli lazım idi.
Amma Azərbaycan neftini əldə edən Qərbdən bu münaqişənin həlli üçün gözlənilən dəstək gəlmədi. Əksinə, ABŞ Konqresi tərəfindən qəbul edilən bədnam 907-ci düzəliş sayəsində Azərbaycan uzun müddət bu ölkənin yardımlarından məhrum oldu, Amerika, digər Qərb dövlətləri təcavüzkar Ermənistana heç bir əməli təzyiq göstərmədi və münaqişə həll edilməmiş qaldı.
Beləliklə də Azərbaycanda haqlı məyusluq yarandı: bir halda ki, Qərb Qarabağ məsələsində Azərbaycana heç bir əməli kömək etmir, Rusiya və İran kimi qonşularla təhlükəli oyuna girib ölkənin zəngin neft ehtiyatlarının üzünü Qərbə çevirmək nəyə lazım idi? Praqmatik maraqlar balans siyasətinin davam etməsini tələb edir…