İradə Cəlil, Sputnik Azərbaycan
Bu gün Beynəlxalq Qadınlar Günüdür. Təbii ki, qadının bayramı gül-çiçəksiz olmaz. Kişi sevdiyi xanıma dünyanın ən bahalı hədiyyəsini alsa belə, yanında bir dəstə gül olmazsa, missiyasını yarımçıq başa vurmuş olar.
Bu mənada bayramlar gül satışı ilə məşğul olan insanlar üçün də xüsusi əhəmiyyət kəsb edir. Onlar xüsusilə 8 martı səbirsizliklə gözləyirlər. Elə Samir kimi…
Samir uzun illərdir ki, gül satışı ilə məşğul olur. Bəzən bayram günlərində 3-4 ayın qazancını əldə etdiyini deyir: "Əsasən valideynlər müəllimlər üçün hədiyyə olaraq gül alırlar. Kişilər isə hərdən gül alırlar. Yəni bayram günü alınan güllərin çoxu müəllimlər üçün alınır".
Satıcı danışır ki, yaxınlıqda bir qadın yaşayır və o, hər il özü üçün gəlib tək qızılgül alır: "Bir gün soruşdum ondan ki, "ay xala, bu gülü kimə alırsan". Dedi, "özümə". Danışırdı ki, həyat yoldaşı hər il onu bir qızılgüllə sevindirirmiş. Həyat yoldaşı dünyasını dəyişəndən sonra qadın özü bu ənənəni davam etdirib, özünə gül alır".
Kişilər qadınlarını sevindirməyə can atırlar, gənclər sevgililərini. Qazanan isə gülsatanlar olur. Samir deyir ki, digər satıcılardan fərqli olaraq, o, bayramqabağı güllərin qiymətini artırmır.
"İlboyu qızılgülün 1 ədədi 4-5 manata satılır. Güllərin qiyməti müxtəlifdir. Siz 10 manata da, 500 manata da gül ala bilərsiniz, bu, sizin seçiminizdir. Burada qızılgüllər, qərənfillər, çöl çiçəkləri, müxtəlif dekorativ çiçəklər və yarpaqlar var. Siz istədiyiniz gülləri və dekoarsiyanı seçirsiniz, biz isə buketi bağlayırıq. Burada meyvə səbətləri də bağlamaq olur, amma bu bayram güllərə üstünlük vermişik" — deyir.
Əgər gül buketləri bağlatmaq istəsəniz, 5 ədəd gül 25 manata, 7 ədəd gül 35 manata başa gələcək. Əgər sevimli qadınlarınızı çöl çiçəkləri ilə təbrik etmək istəsəniz, siz onlar üçün 20 manata gözəl gül buketi yığdıra bilərsiniz.
Satıcı danışır ki, əvvəllər Bakının müxtəlif ərazilərində gül satışı ilə məşğul olub: "Hər ərazinin özünə görə alveri olur. Məsələn, mən daha çox Bakıxanov qəsəbəsi ərazisi və "Neftçilər" metrostansiyası ətrafında gül satıram. Mərkəzdə böyük mağazalar olduğu üçün orada alver çox da yaxşı olmurdu. Yadıma gəlir, Bakıxnovda gül satışı ilə məşğul olanda yaşlı bir kişi vardı, əsasına söykənə-söykənə gələr, 2 qızılgül alardı. Bir gün soruşdum ki, "ay dayı, bu gülü kimə alırsan". Axı yaşlıların ürəyi dolur olur. Bütün eşq hekayəsini danışdı mənə, sevimli qadınına alırmış, məzarına aparacaqmış. Dedi, yoldaşı 10 ildir dünyasını dəyişib, amma qızılgülləri sevdiyi üçün hər il bayramlarda ona qızılgül aparır".
Samirin dediyinə görə, devalivasiya olsa da, o, satdığı güllərin qiymətini qaldırmır: "Heç olmasa, bayramlarda insanların üzü gülsün".
Ehtiram dayı da gül satışı ilə məşğul olur. O, daha ucuz güllər satır. Deyir ki, qiymətləri bazara uyğunlaşdırır: "Dibçəkdə olan güllər 1 manata, buket güllər 12 manatadır. Əvvəllər süni güllər dəbdə idi, amma indi heç fikir verən yoxdur. Baxın, nərgizlər 1 manatadır, bənövşə də. Bu güllər kasıb təbəqə üçündür. Ən azından, 1 manat müqabilində də olsa, üzləri gülsün".
Başqa bir gül satıcısı Elşad deyir ki, kişilər güldən çox, hədiyyə almağa üstünlük verirlər: "Ona görə də gül mağazasında müxtəlif hədiyyələr də satılır. Elə adam var ki, gəlib 101 ədəd qızılgül alır, adam da var ki, gəlib 10 manata "mişka" alır. Yəni kişilərin aldığı hədiyyələr ciblərinə və hədiyyəni verdikləri qadınlara olan dəyərlə ölçülür".
Satıcılarla söhbətimizdən gəldiyimiz ümumi qənaət ondan ibarətdir ki, gül almağa daha çox orta və yaşlı nəslin nümayəndələri üstünlük verirlər. Gənclər isə əsasən digər hədiyyələrə meyl edirlər.
Xatırladaq ki, ilk dəfə Klara Setkin adlı alman sosialist qadın, Amerikada 8 martda yanaraq ölən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü kimi qeyd etməyi təklif edib. Bu tarixdən sonra müxtəlif illər 8 mart günündə mitinqlər, etiraz aksiyaları keçirilirdi.
1908-ci ilin 8 martında Nyu-York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Qeyd edək ki, həmin dövrə qədər qadınlara dekret icazəsi verilmirdi. Və ilk dəfə olaraq nümayişdə dekret icazəsi istəyən qadınlar "Çörək və Gül" şüarı ilə çıxış etdilər. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha firavan həyat tərzini ifadə edirdi.
8 martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Konpenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib. Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə 8 mart qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.