BAKI, 30 iyun — Sputnik. Türkiyənin turizm sektorunda çalışanlar ikiqat bayram sevinci içərisindədirlər. Professional Otel İdarəçiləri Dərnəyinin sədri Əli Kızıldağ Rusiya və İsrail ilə münasibətlərin yaxşılaşmasına doğru son günlərdə atılan müsbət addımların turizm sektoruna ikiqat bayram yaşatdığını söyləyib.
Sputnik Anadolu agentliyinə istinadla xəbər verir ki, Kızıldağ turizmin sülh və uzlaşma mühitində yaşıllaşan bir sektor olduğunu, Türkiyənin Rusiya və İsrail ilə son günlərdə münasibətlərin inkişafının müsbət olduğunu deyib.
"Bayrama yaxınlaşdığımız bu günlərdə sektor olaraq ikiqat bayram yaşayırıq. İsrail ilə əldə edilən razılaşma, Rusiya ilə dialoqun başlaması, iki tərəfin də müsbət addım atma meylində olması, turizm sektoru baxımından çox müsbətdir", — Dərnək rəhbəri qeyd edib.
İsraildən 2008-ci ildə 500 mindən çox turist gəldiyini xatırladan Kızıldağ deyib: "2008-ci ildən sonra rəqəmlər sürətlə enməyə başladı. Ümid edirəm, bu müsbət hava sayəsində 2017-ci ildə yenidən 600 min rəqəmə çatsın".
"Rusiyadan 2014-ci ildən 2015-ci ilə girərkən ölkədəki iqtisadi çətinlik səbəbiylə itkimiz olmuşdu, amma bu ilki siyasi böhran səbəbiylə az qala sıfır səviyyəsinə endi. Əlaqələri sürətli bərpa edərsək, 2016-ci ildəki itkilərin bir hissəsini kompensasiya etmək şansı taparıq", — o vurğulayıb.
Türkiyə Otelciler Federasiyasının sədri Osman Ayık da, son günlərdə atılan müsbət addımlardan dolayı məmnundur: "Bu müsbət tendensiya bizi gələcək baxımından ümidləndirir. 2016-cı ildə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 96 faiz itki ilə üzləşdik".