BAKI, 7 mart — Sputnik. Qadın hansı peşə ilə məşğul olmasından asılı olmayaraq, zərif və incədir. Kişilər həmişə döyüş növləri ilə məşğul olan qadınların kobud olduğunu düşünürlər. Xüsusilə də, karate, taekvondo, güləş, cüdo kimi idman növlərində uğur qazanan xanımların kobud və oğlana oxşadıqlarını qeyd edirlər.
Sputnik Azərbaycan-ın müsahibi karate üzrə qadınlar arasında Avropa üçüncüsü, İslam Oyunlarının iştirakçısı, komanda üzrə Avropa çempionu Nuranə Əliyevadır.
— Adətən qadınların idmanla məşğul olması onları formaca kobud edir. Oğlanlar belə onlara kişi kimi yanaşırlar. Bir idmançı qadın olaraq siz necə düşünürsünüz, idmanla məşğul olan xanım incəliyini itirir?
— Hər bir idmanın öz xüsusiyyətləri var. Mən deməzdim ki, idman qadını kobudlaşdırır. Çünki qadın elə bir varlıqdır ki, hansı idmanla məşğul olursa olsun, daxilindəki incəliyi itmir. Ona görə də, deyə bilərəm ki, idman qadını kobudlaşdırmır.
— Nuranə özünü daxilən və xaricən güclü hiss edir, yoxsa o da kişilərdən zəif olduğunu etiraf edir?
— Əlbəttə, qadınla kişinin gücü eyni ola bilməz. Kişilərdən zəifəm, amma qadınlar arasında özümü güclü hiss edirəm.
— Sizin üçün 8 mart — Beynəlxalq Qadınlar Gününün önəmi nədən ibarətdir?
— Mənim üçün 8 mart önəmli bir bayramdır. Ad günümdən sonra bu, mənim üçün ikinci ən önəmli gündür.
— Kimdən hədiyyə gözləyirsiniz?
— Konkret hədiyyə gözlədiyim insan yoxdur. Amma hədiyyə almağı sevdiyim üçün hədiyyə versələr sevinərəm. Özüm isə anamın bayramını təbrik edəcəm.