BAKI, 7 mart — Sputnik. Birləşmiş Ştatların Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın Menbiç qəsəbəsinə yerləşdirilən ABŞ əsgərləri barədə məlumat yayıb. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Ceff Devis açıqlama verib.
Jurnalistlərin suallarını cavablandıran Devis "Amerika əsgərlərinin Menbiçdə olmasının səbəbi İŞİD-dən başqasına hücum edən qüvvələri fikrindən daşındırmaqdır" deyib. Bununla belə Ceff Devis əlavə edib ki, "hər nə olur olsun, hətta kənar qüvvələr İŞİD-dən başqa tərəfə hücum etsə, ABŞ əsgərləri toqquşmaya girməyəcəklər".
Qeyd edək ki, Türkiyə hökuməti, terrorçu olaraq gördüyü PYD-nin Menbiçdən çıxmayacağı təqdirdə, qəsəbəyə yönəlik hərbi əməliyyat başladacağını bildirmişdi. Rəsmi Ankaranın bəyanatından dərhal sonra PYD terror təşkilatı Menbiçdən çıxacaqlarını və qəsəbəni Bəşər Əsəd rejiminə təslim edəcəklərini açıqlamışdı.