ELM

Tələbə təqaüdləri ilə bağlı problem meydana çıxıb

© Sputnik / Pavel LisitsynTələbə. Arxiv şəkli
Tələbə. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Son bir neçə ayda təqaüdlərin verilmədiyi bildirilir. Nazirlik yaranan sıxıntının tezliklə həll olunacağını deyir.

BAKI, 7 mart — Sputnik. Son günlərdə, tələbələrin təqaüdlərinin bir neçə aydır verilməməsi ilə bağlı sosial şəbəkələrdə xəbərlər dolaşır. Yayılan məlumatlara görə, ali təhsil müəssisələrində tələbə təqaüdləri son 3 aydır verilmir və bununla bağlı tələbələr hər hansı izahat əldə edə bilmirlər.

Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tarif Şurası tələbə qəbulunun qiymətlərini açıqladı

Sputnik Azərbaycan yaranmış problemlə bağlı dəqiqləşdirmə aparmaq üçün Təhsil Nazirliyinin (TN) mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri bildirib ki, Təhsil Nazirliyində belə bir problem yoxdur: "Gecikmə halları varsa, tezliklə həll olunacaq. Ayrı-ayrılıqda universitetlərin maliyyə şöbələrində problem varsa, o zaman onlar özləri həll etməlidir. Nazirlikdə də kiçik problemlər olubsa, onlar tezliklə həll edilib universitetlərə vəsait təqdim ediləcək. Yaxın günlər ərzində bunlar həllini tapacaq".

Təhsil eksperti Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, ali təhsil müəssisələrinin o qədər də böyük olmayan tələbə təqaüdlərini vaxtında ödəyə bilməməsi ilə bağlı deyilənlər həqiqətdir: "Bu barədə bizdə də məlumatlar var. Nəzərə alaq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, əyani təhsil alan tələbələr işləyə bilməz, onların müəyyən mənada gəlirləri ancaq təqaüdləridir. Deməli, bu hal onların psixoloji cəhətdən təsirə məruz qalmasına səbəb ola bilər. Çünki bildiyiniz kimi, bu şəxslər dövlət sifarişi əsasında qəbul olublar. Yəni onlara dövlətin ehtiyacı var. Amma indi müəyyən şəxslərin səhlənkarlığı ucbatından onlarda müəyyən inamsızlıq yaranır".

"Bilirik ki, valideynlər övladlarına ay ərzində müəyyən olunmuş məbləğdə xərclərini ödəmək üçün pul verirlər. Tələbələr arasında böyük əksəriyyəti digər vacib xərcləri isə bu təqaüdlərlə ödəyirlər. İndi də təqaüdlər gecikdirilir. Onlar kitab, dəftər, qələm ala bilməyəcəklər və dərsə də zəif hazırlaşacaqlar" — deyə təhsil eksperti əlavə edib.

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə də, ümumiyyətlə təqaüdlərin, pensiyaların gecikdirilməsi halları tez-tez olur: "Tələbənin oxuması üçün ən əsas şərt tələbə üçün yaradılan mühit olmalıdır. Mühit olmadıqda tələbənin əhval-ruhiyyəsi olmur və insan oxumaq istəmir. Maddi-sosial problemlərlə üzləşən tələbənin təbii ki, oxumağa da həvəsi qalmır".

Oksford Universiteti, arxiv şəkli - Sputnik Azərbaycan
Tələbə universitetə qarşı 1 milyonluq iddia qaldırdı

O, qeyd edib ki, xaricdə tələbələrə şərait yaradılır, universitetlərin yataqxanaları olur: "Amma bizdə bütün bunlar yoxdur. Bolonya sisteminin bizdə, sadəcə adı var, özü isə demək olar, yoxdur. Tələbə üçün bizdə mühit yoxdur. Bu da onun təhsilinə böyük zərbə vurur".

"Doğrudur, yeni layihələr haqqında danışılır. Amma fakt odur ki, ortada heç nə yoxdur. Hətta minlərlə tələbə təhsil haqqı səbəbindən ali məktəbdə təhsil almaqdan imtina edib. Təqaüdün verilməməsi təhsilin səviyyəsini lap aşağı salır. Belə halların baş verməsi tələbələrin xaricə axın etməsinə səbəb olur. Bu da beyin axını ilə nəticələnir" — İsrafilov vurğulayıb.

Ekspert deyib ki, tələbələrə güzəştlər olmasa, onlar üçün şərait yaradılmasa, təhsil uçuruma doğru getməkdə davam edəcək: "Tələbə də oxumaq əvəzinə zamanını itirəcək və diplom almaq xətrinə oxuyacaq".

Xəbər lenti
0