BAKI, 6 dek — Sputnik. Oksford Universitetinin məzunu təhsil müəssisəsinə qarşı bir milyon funt sterlinq məbləğində iddia açıb. RİA Novosti "The Guardian"a istinadən xəbər verir ki, iddianın səbəbi karyera qurmağa imkan verməyən "pis və darıxdırıcı tədris" olub.
38 yaşlı Faiz Siddiqi Oksford Universitetinin Brasenos kollecində müasir tarixi öyrənib. Məzun hesab edir ki, onun ticarət sahəsində uğurlu vəkil olmaq imkanı vardı, lakin 16 il əvvəl buraxılış imtahanlarında aldığı aşağı qiymətlər səbəbindən bu, mümkün olmayıb. Siddiqi həmçinin bildirib ki, hind tarixindən aşağı bal almasının səbəbi müəllimlərin dərsə "səhlənkar" yanaşması olub.
Oksford Universitetində isə iddianı əsassız hesab edirlər, çünki Siddiqinin təhsilini tamamlamasından xeyli vaxt keçib. Qəzet yazır ki, məzun bu işdə qələbə qazanarsa, bu, oxşar şikayətləri olan digər tələbələr üçün yol aça bilər.
Qeyd edək ki, Oksford Universiteti dünyanın ən qədim universitetlərindən biridir. Əsası XII əsrdə qoyulan bu universitet, ən nüfuzlu təhsil müəssisələrindən biri hesab olunur.